Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin 48 kq çəki dərəcəsində mübarizə aparan üzvü Tural Sarıyev gümüş medal qazanıb.
Fanat.Az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib.
Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.
Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.