Yeni mövsümə Türkiyədə hazırlaşan "Sumqayıt" qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrini Özbəkistanın "Bunyodkor" klubu ilə oyunda sınayıb.
Qarşılaşma "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 33-cü dəqiqədə Məhəmməd Qurbanov imza atıb.
Qeyd edək ki, "Bunyodkor" klubu 2005-ci ildə yaradılıb. "Barselona" və "Espanyol"la qardaş klub olan Daşkənd təmsilçisi 5 dəfə Özbəkistan çempionluğunu, 4 dəfə ölkə kubokunu, 1 dəfə Superkubokunu qazanıb. Ziko və Luis Felipe Skolari kimi məşhurların bir vaxtlar rəhbərlik etdiyi, Rivaldonun oynadığı komandaya hazırda Aleksander Volkov başçılıq edir.
Doğma şəhərdə "Neftçala" (5:1) və "Rəvan" (2:0) yoxlama oyunu keçirən "Sumqayıt" Türkiyədəki ilk yoxlama matçında İranın "Perspolis" klubuna yenilmişdi - 2:3. Gənclik şəhəri təmsilçisi qardaş ölkədə bundan sonra Türkiyənin "Manisaspor" (23 iyul) və Türkmənistanın "Altın Asır" (25 iyul) klubları ilə qarşılaşacaq.
Yoxlama oyunu
20 iyul
Sumqayıt (Azərbaycan) - Bunyodkor (Özbəkistan) 1:0
Qol: Məhəmməd Qurbanov, 33.
Sumqayıt: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Ramazan Abassov, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.
Fanat.az