“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri “Qızıl top”un qalibi kimi ilk şərhini verib.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri ötən axşam mükafata sahib çıxan ulduz futbolçunun dediklərini belə təqdim edib:
“Təşəkkür etməli olduğum çox insan var, xüsusən də mükafata görə "France Football" və UEFA. Mənə səs verən, mənə inanan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bu gün təkcə mənim üçün deyil, həm də ailəm və ölkəm üçün xüsusi gündür. Mənim üçün ən vacib insan olan sevgilimə təşəkkür etmək istərdim. Biz səkkiz ildir bir yerdəyik və onsuz bu səyahət əvvəlki kimi olmazdı. Mənə aşıladıqları bütün dəyərlərə, futbol oynayan biri olmağıma ilk gündən kömək etdikləri üçün ailəmə təşəkkür edirəm. Başa düşürəm ki, futbol kollektiv idman növüdür, “Mançester Siti”yə, məşqçi və texniki heyətinə, oyunçu yoldaşlarıma təşəkkür edirəm. Bu mənim üçün çox xüsusi bir şeydir və mən sizsiz buna nail ola bilməzdim. Milli komandaya, Luis de la Fuenteyə uzun müddət mənə inandığı üçün təşəkkür edirəm.
Mənim kimi zədə alan və burada olmağa layiq olan Karvaxalı xatırlamaq istərdim. Lamin Yamalın da tezliklə burada olacağına inanıram. Bu gün qələbə təkcə mənim üçün deyil, İspaniya futbolu, İniesta, Xavi, İker, Busqets kimi buna layiq olsalar da, qazana bilməyən bir çox oyunçu üçündür.
Bu, yarımmüdafiəçilər üçün vacib mükafatdır. Bu gün bir çox dostlar mənə yazdılar və dedilər ki, bu mükafat kölgədə qalan və meydanda qara işlər görən yarımmüdafiəçilərə işığa çıxmaq imkanı verəcək".
Mirağa