A Seriyasının 10-cu turunda səfərdə "Milan"ı 2:0 hesabı ilə məğlub edən "Napoli"nin baş məşqçisi Antonio Konte ardıcıl 5-ci qələbədən sonra emosional açıqlaması ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, lider komandanın mətbuat xidməti italiyalı mütəxəssisin oyunsonrası mətbuat konfransında söylədiklərini belə təqdim edib:
"Mən bu komanda ilə fəxr edirəm. Bugünkü uğurdan çox, mənə uşaqların meydandakı fədakarlığı daha təsir etdi. 10 matçdan sonra bu mövqedə olmaq mövsümün əvvəlində ağlasığmaz görünərdi. Qürur duymalıyıq, lakin eyni zamanda balanslı və təvazökar qalırıq. Çünki biz öz dəyərimizi tam ifadə etmək üçün hər zaman əlimizdən gələni etməliyik. Yenidən UEFA turnirlərinə dönmək istəyirik. Unutmayın ki, biz keçən il A Seriyasında bu gün olduğumuz zirvədən 41 xal geri qalmışıq.
Bu, mənim karyeramın ən yaxşı komandalarından biridir. Bu forma üçün ölməyə hazır olan oyunçularım var. Komandada, ümumiyyətdə klubda saf bir ruh yüksəkliyi və ehtiras havası var. Bu da mənə zövq verir”.
Əlavə edək ki, 10 turdan sonra "Napoli" A seriyasında 25 xalla liderdir. "Mavilər" növbəti matçını noyabrın 3-də evdə "Atalanta"ya qarşı keçirəcək.
Mirağa