"Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylov karyerasını yenidən Rusiyada davam etdirəcək. Fanat.az xəbər verir ki, rus futbolçu sabiq komandası olan "Krasnodar"a qayıdıb.
34 yaşlı yarımmüdafiəçi ötən mövsüm yaşıl meydanlardan kənarda qalmışdı. Rusiya mətbuatı yazır ki, o, artıq 2014/15 mövsümündə icarə əsasında çıxış etdiyi Premyer Liqa klubu ilə anlaşıb və komandanın Avstriya toplanışında iştirak edir.
Xatırladaq ki, "Qəbələ" İzmayılovu 2013/14 mövsümünün qış fasiləsində "Portu"dan icarəyə götürmüşdü. Yarımmüdafiəçi ölkəmizdə keçirdiyi 18 oyunda 2 qol vurmuşdu. Rusiya yığmasında keçirdiyi 35 oyunda 2 dəfə fərqlənən Marat əvvəllər Moskva "Lokomotiv"inin və Portuqaliya "Sportinq"inin formasını geyinib.
Fanat.az