1-ci Liqanın 18-ci turunda öz meydanında MOİK-i 1:0 hesabı ilə məğlub edən "Mingəçevir" ardıcıl 4-cü qələbəsini (maraqlıdır ki, bütün qarşılaşmalarda eyni hesab qeydə alınıb) qazanıb. Hazırda 20 xalla turnur cədvəlinin 7-ci pilləsində qərarlaşan "şəhərlilər"in baş məşqçisi Füzuli Məmmədov qələbəni şərh edib.
Mərkəzi aran təmsilçisinin çalışdırıcısı fikirlərini Fanat.Az-a bölüşüb:
"Rəqib komandanın zəif və güclü tərəflərini təhlil etmişdik. MOİK heyətində keyfiyyətli oyunçular olan, yaxşı təşkilatlanmış komandadır. Matçın çətin keçəcəyini bilirdik. Rəqibin oyunu ilə bağlı komandanı məlumatlandırmışdıq. Bütün oyunlara olduğu kimi, bu matça da səylə hazırlaşmışdıq. Əsas heyət üzvlərindən birini zədə səbəbindən oynada bilmədik. Bir neçə futbolçumuzda isə mikrozədələr var idi. Təbii ki, bu məqamlar müəyyən çətinliklər yaratmışdı. Hər şeyə rəğmən, məqsədimiz qələbə idi. Buna nail olduğumuz üçün şadam, məmnunam. Uşaqlar meydanda verilən tapşırıqları əzmlə yerinə yetirdilər. Sona yaxın qol vuraraq qalib gəldilər. Olduqca önəmli 3 xal əldə etdik. Bütün futbolçularımıza, bizi dəstəkləyən azarkeşlərimuzə təşəkkür edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Onları sevindirmək üçün qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacaq, bütün gücümüzü meydanda qoyacağıq".
Yanvarda komandanın "sükanı arxası"na gətirilən mütəxəssis növbəti turda liqanın lideri "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan nə gözlədiyini də açıqlayıb:
"Qəbələ" yüksək səviyyəli kollektivdir. Bizim üçün çətin olacağını bilirik. İstənilən halda, meydana yaxşı mübarizə aparmaq, xal qazanmaq üçün çıxacağıq. Komandam yeni qurulmuş kollektivdir. Heyətdə gənclərin sayı çoxdur. Onlar da güclü rəqiblərlə oyunlarda inkişaf etməli, "artırmalıdırlar".
Məmmədov elitada qalmaq hədəfinin öhdəsindən gələ biləcəklərinə inandığını deyib: "Vaxt keçdikcə komandamın daha yaxşı mübarizə aparacağına əminəm. Əlbəttə, çıxış etdiyimiz çempionatda rəqabət var və bütün rəqiblərimizə hörmətlə yanaşırıq. "Mingəçevir"i çempionatda saxlaya biləcəyimə inanmasaydım, bu işi üzərimə götürməzdim. Çətin olacağının fərqindəyik, amma potensialımız məqsədimizə doğru addımlamağa imkan verir".
O, mövsümün sonuna qədər komandaya yeni oyunçu cəlb edilməyəcəyini bəyan edib: "Oyunçu sayının çox olması istənilən məşqçi üçün üstünlükdür. Heyət nə qədər zəngindirsə, seçim imkanı da o qədər genişdir. Bununla belə, çempionat başa çatana qədər heyətə yeni oyunçu qatmaq niyyətində deyilik. Yəni hansısa mövqedə ciddi şəkildə "axsamırıq". Digər tərəfdən, indiki durumda yaxşı potensialı olan oyunçu tapmaq da asan məsələ deyil. İndiki heyətlə davam edəcəyik".
Füzuli bəy liqadakı rəqabətin komandası üçün əlavə motivasiya olduğunu qabardıb: "Çempionatdakı komandalar arasında səviyyə fərqinin çox olmaması gərgin rəqabət yaradır. Düzdür, qismən daha güclülər, bir qədər daha münasib rəqiblər var, amma rəqabət yüksəkdir. Bu, bizim gənc komandamız üçün də əlavə motivasiyadır. Özləri də bilirlər ki, arxayınlaşmaq olmaz. Hər oyuna final matçı kimi çıxmalı xal və xallar qazanmalıyıq".
Nihat