Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün səfərdə "Sabah"ı məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə dəyərləndirib:
“Aprel günlərində Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik. Bu gün Şəhriyarın doğum günüdür. İnanıram ki, ruhu şaddır.
Maraqlı oyun alındı. Qolumuzu vurub, müdafiəyə çəkildik. Düşünürəm ki, istədiyimiz nəticəni qazandıq. Turnir cədvəlində özümüzə yaxın rəqiblərlə oyunlarda futbolçularda təzyiq olur. Güclülərlə isə matçlara bir növ arxayın çıxırıq, itirməkdən qorxmuruq.
Mübarizə davam edir. Mənə elə gəlir ki, hələ heç nə bitməyib. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Mənim üzərimdə bir missiya var. Mən onu yerinə yetirməyə çalışıram. Rəhbərliklə danışıqlarımız da olub. Düşünürəm ki, növbəti mövsüm daha böyük “Kəpəz” görəcəyik”.