Sabah Norveçin Tromsö şəhərində Şahmat Olimpiadasının sonuncu - XI turunun qarşılaşmaları keçiriləcək. Fanat.az xəbər verir ki, kişilərdən ibarət yığma komandamız hələ də medal şanslarını qorumaqdadı.
Son 3 turda qələbə üzünə həsrət qalan Azərbaycanın taleyi böyük ölçüdə öz əlindədi. Hazırda əlavə əmsallara görə 9-cu pillədə qərarlaşan yığmamız son turda üz-üzə gələcəyi ABŞ yığması üzərində inamlı qələbə qazanacağı təqdirdə, bürünc medallara sahib çıxa bilər. Turnir cədvəlindəki sıxlıq kişi şahmatçılarımıza belə bir şans yaradır. Lakin 4 lövhənin hər birində qələbə qazanmaq olduqca çətindi. Üstəlik rəqibin də 10 turdan sonra aktivində yığmamızla eyni - 15 xal toplamasını nəzərə almaq lazımdı.
Lider Çin demək olar ki, qızıl medalları təmin edib. Asiyalılar 17 xalla ən yaxın izləyiciləri - Macarıstanı 1 xal arxada qoyurlar və bu gün qarşılaşacaqları Polşa ilə heç-heçə etsələr belə, əlavə əmsallara görə avropalıları arxada qoyacaqlar.
Qadınlardan ibarət yığmamız isə medal şanslarını itirsə də daha yüksək yerlərə yüksəlmək uğrunda mübarizəni davam etdirir. Bu gün zərif cins nümayəndələrimiz Polşa yığması ilə üz-üzə gələcəklər.
Fanat.az