Topaz Premyer Liqasının I turu “Xəzər Lənkəran”da bir yubileylə əlamətdar olub. Fanat.az cənubluların rəsmi saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Azərbaycan çempionatları tarixində 90-cı dəfə meydanı heç-heçə ilə tərk edib.
AZAL-la səfər qarşılaşmasınadək Premyer Liqada 301 oyun keçirən komanda 89 dəfə bərabərliklə kifayətlənmişdi. “AZAL Arena”da keçirilən görüşdə qeydə alınan 1:1 hesabı bu siyahıda 90-cı olub.
2004-cü ildə tarixinin ilk oyununda səfərdə “Turan”la eyni hesablı heç-heçə ilə tarixinə start verən “Xəzər Lənkəran” 90-a 10 ildə çatdı. Bununla da cənublular həm də start ənənəsinə davam etdi.
"Xəzər Lənkəran" ardıcıl 3-cü dəfə mövsümə 1:1 hesabı ilə başladı. 2012/13 mövsümündə “Rəvan”, 2013/14 mövsümündə “Sumqayıt”la qarşılaşan cənublular ardıcıl 3-cü dəfə ilk görüşdə 1 qol vurub və 1 xalla kifayətlənmişdi. Ardıcıl 3-cü dəfə “Xəzər Lənkəran” ilk turu rəqib meydanında keçirdi və yenə 1:1 hesabı qeydə alındı. Amma əvvəlki iki startdan fərqli, bu dəfə “Xəzər Lənkəran” hesabda geri düşməyib, ilk qolu vuran tərəf olub.
Fanat.az