"Real Madrid"in müdafiəçisi Xesus Valyexo "Kral klubu"nu tərk edib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi 28 yaşlı futbolçu ilə ayrıldıqlarını rəsmi saytı vasitəsilə açıqlayıb.
İspaniyalı azad agent olub - onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Xesus Valyexo bu mövsüm "Real Madrid"in heyətində cəmi 4 matçında iştirak edib və bir məhsuldar ötürmə edib.
Futbolçu on il - 2015-2025-ci illər aralığında "Kral klubu"na məxsus olsa da, bu müddət ərzində onların heyətində cəmi 35 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mərkəz müdafiəçisi Madriddə olduğu müddətdə "Saragosa", "Ayntraxt Frankfurt", "Vulverhempton" və "Qranada"da icarə əsasında oynayıb. O, 2015-ci ildə “Saraqosa”dan 6 milyon avroya transfer edilmişdi.