"İnter"in gürcü hücumçusu Baçana Tsxadadzenin müsahibəsi
- “Qarabağ”la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur.
- Matçın 0:0 hesabıyla başa çatmasına baxmayaraq, hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə də razılaşıram. İsti hava futbolçulara da təsir edirdi, axı qaynayan Günəş şüaları altında oynamaq çətindi. Bu vəziyyət komandalara özünü 100 faiz göstərmək imkanı vermədi.
- “İnter” ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədi. Mövsümün əvvəlini “İnter” üçün necə qiymətləndirirsən?
- Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk iki turda 4 xal kifayət qədər normal nəticədi. Əsas xal toplamağı davam etdirməkdi, axı mövsümün sonunda hər xal qızıl ola bilər.
- “İnter” kifayət qədər çox qol vurur, halbuki komandada nominal hücumçu yeganə sənsən. Fikrincə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?
- Bu suala cavab vermək mənim səlahiyyətiə daxil deyil, amma mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdı.
- Növbəti tur “İnter” kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci yerində qərarlaşan “Sumqayıt”la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsən?
- Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdı. “Sumqayıt”ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər gənc futbolçular çıxış edirlər. Onların “Xəzər Lənkəran”la oyunları göstərdi ki, “Sumqayıt” asanlıqla məğlub ediləsi komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.
- Növbəti ayda AVRO-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar səni tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin bu dəfə də sizi çağıracaqlarını gözləyirsən?
- Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacağam. Bunun üçün mənə “İnter”ə kömək etmək və çempionatda keçirilən oyunlarda özümü göstərmək lazımdı. Əlbəttə, bütün futbolçular kimi, milli komandaya dəvəti gözləyəcəyəm.
inter.az