Rumıniya mətbuatı "Qəbələ"nin düşərgəsində dava düşməsi ilə bağlı xəbər yayıb. Fanat.az xəbər verir ki, həmkarlarımız komandanın Premyer Liqanın ilk turunda "İnter"ə 0:4 hesablı məğlubiyyətindən sonra paltardəyişmə otağında futbolçularından birinin baş məşqçi Dorinel Muntyanunu döydüyünü yazıb.
"Sportnews"un məlumatına görə, məhz bu oyundan sonra Kristian Pulhak komandadan ayrılaraq, vətəninə yollanıb. O, "Qəbələ" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Lakin müdafiəçi klubdan gedişinin konkret səbəbini açıqlamayıb. Əvəzində klubun düşərgəsində yaşanan dava haqqında eşitdiyini gizlətməyib.
Andrey Kristya isə rumıniyalı jurnalistlərə açıqlamasında sadəcə, bunları deməklə kifayətlənib: "Komandamızda yaxşı atmosfer var. Başqa heç nəyi müzakirə etmək istəmirəm".
Muntyanunun agenti Leonid İstratinin sözlərinə görə, son vaxtlar komandada sadəcə, bir münaqişə yaşanıb: "Hollandiya toplanışı zamanı braziliyalı futbolçulardan biri intizamı pozmuşdu. Nəticədə də Muntyanu həmin futbolçunu (söhbət məşqə içkili vəziyyətdə gələn Dododan gedir - red.) əvəzedici komandaya göndərdi. Ondan sonra hər şey qaydasındadı".
Fanat.az