“Birinci oyunda qol vurmaq şanslarımız oldu. Belə bir imkan mənim də əlimə düşdü. Təəssüf ki, istifadə edə bilmədim”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.
Sabah Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində Enshededə “Tvente”nin qonağı olacaq Ağdam təmsilçisinin futbolçusu daha sonra əlavə edib: “Hollandiya təmsilçisi güclü rəqibdi. İntizamlı futbol oynayır, oyunu müdafidən qururlar. Ancaq qrupda oynamaq istəyiriksə, ilk növbədə səfərdə qol vurmağı bacarmalıyıq. Hər hansı həyəcandan söhbət gedə bilməz. Meydana çıxıb öz oyunumuzu oynayacağıq”.
2009-cu ilin yayında qonaq qismində bu rəqibə 1:3 hesabıyla yenildikləri görüşdə (Bakıdakı cavab oyunu 0:0 hesabıyla itmişdi) komandasının yeganə qoluna imza atan Nadirov bir dəfə məyus etməyə imkan tapdığı komandanı yenə cəzalandırmaq istədiyini önə çəkib: “Əslində qolu kimin vurmasının önəmi böyük deyil. Əsas odu ki, qol vuraq və qalib gələk. Qollu bərabərliyə də razıyam. Mənə gəlincə, əlbəttə, baş məşqçi şans versə, fərqlənmək üçün bacardığımdan da artığını edəcəm. Bu həlledici oyundu. Üzərimizə düşən məsuliyyəti anlayırıq. Allah qoysa, final fiti veriləndə sevinən tərəf olmaq istəyirik”.
Fanat.az