Premyer Liqaya vəsiqə qazanan “Səbail” transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, klubla rəsmi müqavilə bağlayan futbolçu olmasa da, bir neçə oyunçu paytaxt təmsilçisinə keçməyə yaxındı.
Bunlar “Neftçi”nin əvəzedici komandasında debütanta baş məşqçi təyin edilən Samir Əliyevin rəhbərliyi altında oynayan Aqşin Qurbanlı, “ağ-qaralar”ın əsas komandasının baş məşqçisi Elxan Abdullayevin istəmədiyi Kamal Qurbanov (hazırda yaşadığı ölkədə - Ukraynadadı), elitadan gedən AZAL-ın qapıçısı Aqil Məmmədovdu.
Xidmətləri Samir bəyə təklif olunanlar arasında yetərincə təcrübəli adlar da var. Bu başqa məsələ ki, Ruslan Əmircanov, Rasim Ramaldanov kimi karyerasının qürub çağlarını yaşayanların “Səbail”ə keçmək ehtimalı cüzidi. Debütantın baş məşqçisi başını girləməyə klub axtaranlardan yox, əsasən elitada oynamağa, özünü sübut etməyə imkan axtaran bacarıqlı gənclərə güvənəcək.
Fanat.Az