“Neftçi” Avroliqanın qrupuna düşməliydi, bacarmadı... “Partizan” flaqmanın "pley-off"da qarşılaşa biləcəyi münasib rəqiblərdən biri idi və flaqman özündən güclü olmayan serbləri mübarizədən kənarlaşdıracaq potensialda idi.
Böyükağa Hacıyev “kor püşkün mərhəmətindən” və komandanın potensialından lazımınca faydalanmadı... Nikolas Kanales avrokubok həyəcanı başlamamış geri qaytarılmalı (və ya “vuran ayaq” problemi başqa yolla həllini tapmalı), harınlamış Bruno Bertuççiyə vaxtında qapı göstərilməliydi... Fiziki cəhətdən hazır olmadığı bilinən komandanın təkəbbürlü baş məşqçisi ispan Ruben Selyesin “torbasını tikəndən” sonra onu bu yöndə ciddi sıxıntıların gözlədiyini anlamalıydı, anlamadı...
Hə, ölkə futbolunun mənəvi dəyəri sayılan “Neftçi”ni AL-in qrupunda ikinci dəfə oynamadığına görə tənqid etmək lazımdı. Sağlam tənqid həmişə sağlam komanda formalaşmasına yardımçı olur. Birdən-birə "pley-off"da “əyləci basan” bakılıların bütün əməyini yerə vurmaqdan isə qərəzli yanaşma qoxusu gəlir. Əlinə qələm alıb “qamçılayanlar”ın hamısını qərəzdə suçlamağın özü qeyri-peşəkar münasibət olar. Amma “bostanlıq”da rəqib 2-ci qolu vurub bütün ümidləri al-üst edənədək bacardığı kimi mübarizə aparan komandaya haqq etmədiyi qədər döşəmək ədalətsizlikdi.
Klub rəhbərliyini məşhər ayağına çəkmək cəhdi isə ümumiyyətlə gülməlidi. Bir halda ki, indiki rəhbərlik dönəmində 3 dəfə ardıcıl çempionluq, 2 dəfə ölkə kuboku qazanılıb, “qızıl dubl” reallaşıb və ölkədəki bütün digər iddialılar belə uğurları yuxusunda görüb, “Neftçi” niyə “qapazlanmalıdı”?
Onda gərək büdcəsi “Neftçi”ninkindən 2 dəfə çox olan “Qəbələ”nin futbolçuları və baş məşqçisi iki oyunda “Şiroki Briyeq”dən 5 qol “yediyinə” görə hava limanında güllələnəydi. Maliyyə “feyr-pley”indən danışmaqdan yorulmayan, hər yay forvard problemini çözə bilməyən Georgi Nikolov isə adı yenicə dəyişmiş “İnter Arena”nın girişindən asılaydı. Başını "Avropa pəncərəsi"ndən çıxarmağa cəsarəti çatmayan fərasətsizlərin dərdi isə ayrı dərddi...
Əlqərəz, fəaliyyəti dönəmində bir mərhələdən artığına gücü çatmayan Kaxaber Tsxadadzeni mətbuat konfransında əzmkar məğlubiyyətə görə alqışlayan həmkarlarımızın ədalət adlı anlayışla qol-boyun olmağı bacarması çox böyük şərtdi. Düzdü, xalq komandasının yükü başqalarınınkından fərqlənir. Umacaq çox olduğuna görə qıcığın da dozası artır. Amma bütün bunlar belə, ifrata varmağa heç bir əsas vermir.
Fanat.az