"Oyundan əvvəl təzyiq altında idik. İlk matçdakı məğlubiyyətin (2:7) əvəzini çıxmaq istəyirdik. Çünki o məğlubiyyət karyeramın ən ağır nəticəsi idi". Fanat.az xəbər verir ki, bu sözləri İsraillə oyundan sonra 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert deyib.
Alman çalışdırıcı 3:0 hesablı qələbə qazandıqları matçdan razı qalıb: "İlk matçdan fərqli olaraq bu gün yaxşı oyun sərgilədik. Hesab daha da böyük ola bilərdi. Amma şanslardan yararlana bilmədik".
Lippent heç bir oyunçunu fərqləndirmək istəməyib: "Heç kimi fərqləndirmək istəmirəm. Bütün oyunçularımız yaxşı oynadı. Nəzərə alaq ki, Araz Abdullayev, Qara Qarayev, Elvin Yunuszadə kimi futbolçular da bu gün U-21-in formasını geyinə bilərdi. Amma onlar artıq əsas millidə oynayır".
U-21-in heyətinə yeni futbolçu dəvət olunub. Belə ki, ukraynalı qapıçı Maksim Vaylo gizli şəkildə milliləşdirilərək yığmaya cəlb olunub. Lippert qolkiperlə bağlı geniş məlumata malik deyil: "Bu haqda yalnız onu bilirəm ki, Vaylonun ailəsində azərbaycanlı olub".
Fanat.az