Topaz Premyer Liqasının 5-ci turunun açılış oyununda Naxçıvana səfər edən “İnter” yerli “Araz Naxçıvan”la oyunda ikinci hissədə vurduğu qollar hesabına qələbə qazandı – 3:1. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi meydançanın vəziyyətindən gileylənib, yetirmələrini təriflədi.
Kaxaber Tsxadadze, “İnter” klubunun baş məşqçisi: “Bu cür meydanda baxımlı futbol haqqında danışmaq mənasızdır. İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, oyunun ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı, həm də ağır meydançada göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Oyuna bu qədər azarkeşin gəlməyi məni məmnun etdi. Fikrimcə, “Araz Naxçıvan” klubu meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, oyuna gələn azarkeşləri də komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.
Fanat.az