Premyer Liqanın V turunda öz meydanında "İnter"ə uduzan (1:3) "Araz Naxçıvan"da "yarpaq tökümü" başlayıb. Fanat.az komanda.az saytına istinadən xəbər verir ki, Vüqar Əsgərov komandadan qovulub, Elhad Nəziri, Kamil Hüseynov və ukraynalı legioner Aleksandr Krutskeviç də göndəriləcək.
"Araz Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Ceyhun Məmmədov Vüqar Əsgərovun komandadan qovulduğunu təsdiqləsə də, digər oyunçuların gedişini nə təsdiq, nə də təkzib edib.
Elhad Nəziri xəbəri təkzib edib. Futbolçu aut.az saytına açıqlamasında baş məşqçi Əsgər Abdullayevin ünvanına sərt fikirlər səsləndirib: "İnter"lə oyunqabağı keçirilən iclasda öz sözümü dedim. Bildirdim ki, Əsgər müəllim kimi baş məşqçi ilə işləmək istəmirəm. Səbəb də odu ki, artıq 4 oyundur Naxçıvandayam, amma oynamıram. Bu adam məni zəng edib komandaya çağırtdırıb. Əgər sən məni komandaya gətirmisənsə, niyə oynatmırsan? Mənim bu komandada qalmağımın mənası yoxdu. Mən bildirdim ki, bu cür baş məşçqi ilə işləmək istəmirəm. Mənim müqaviləmi verin, gedim. Həyatımda birinci dəfə idi ki, özünə hörmət etməyən bir insanla işlədim. Çox peşmanam ki, gəlib Əsgər kimi məşqçi ilə işlədim. Mənə maraqlıdı ki, hansı səbəbdən oynamırdım? Kaxa məni "İnter"də oynatmırdı, ancaq heç nə demirdim. Çünki səhvi mən eləmişdim. Mən o insanın dalınca necə danışa bilərəm? Ancaq sən məni çağırmısan, mən əziyyət çəkirəm, hansısa oyun satan legioneri mənim yerimdə oynadırsan. Yaxşı bir neçə oyun oynatmadım. Sən korsan? Görmürsən ki, mənim mövqeyimdə oynayan futbolçu hər oyun səhv edir və qol buraxırlar? Əgər mənə inanmırdınsa, niyə Bakıdan Naxçıvana çağırtdırdın? Niyə mənə deyirdin ki, sənə ehtiyacım var? Artıq qarşılıqlı şəkildə müqaviləni ləğv etdim. Adamın kişiliyi olar. Öz mafianı yığmısan, kimi istəyirsənsə, oynadırsan. Kimi ki, oynatmaq istəmir, "İnter"lə oyuna salıb onları yandırdı. Sonra öz futbolçularını saldı. Oynatdığı legionerin birinin 33 yaşı var, o birisi heç bilinmir ki, harada oynayıb. Ona görə də yuxarı səviyyəli klublarda çalışa bilmir bu məşqçi. O mənim atam yaşımdadı. Mən o yaşda olanlara heç vaxt hörmətsizlik etmərəm. Ancaq o qoymadı ki, insanda səbr qala. Səni heç kim məcbur etmədi ki, məni komandaya gətir. Səbəbini açıqla ki, Elhadı buna görə oynatmırdım. Çünki sənə oyun satan futbolçular sərf edir".
Fanat.az