Topaz Premyer Liqasının ilk 6 turunda qeydə alınan azarkeş sayı müəyyənləşib. Fanat.az xəbər verir ki, baş tutan 27 qarşılaşmanı 66030 nəfər izləyib. Bu hər matça orta hesabla 2445 azarkeş deməkdi.
Ən yüksək göstərici II turda qeydə alınıb - 14700 nəfər. Bütün matçların baş tutduğu bu turda orta hesabla hər oyuna 2940 nəfər gəlib. Cəmi 3 oyunu keçirilən III turun oyunlarında stadionlara 3000 nəfər toplaşıb (orta hesabla 1000 nəfər).
Tur | Oyun | Azarkeş | Orta hesabla |
I tur | 4 | 10380 | 2595 |
II tur | 5 | 14700 | 2940 |
III tur | 3 | 3000 | 1000 |
IV tur | 5 | 14450 | 2890 |
V tur | 5 | 12400 | 2480 |
VI tu | 5 | 11100 | 2220 |
Cəmi | 27 | 66030 | 2445 |
Klublar arasında ən yaxşı göstərici yenə də "Xəzər Lənkəran"a məxsusdu. Cənub klubunun 3 ev oyununu 23000 nəfər canlı izləyib. Bu hər matça orta hesabla 7666 azarkeş deməkdi. "Xəzər Lənkəran"ı "Araz Naxçıvan" izləyir. Bir ev oyunu təxirə salınan Naxçıvan klubunun 2 ev matçına 14600 tamaşaçı toplaşıb (orta hesabla 7300 nəfər).
Ölkə futbolunun "flaqman"ı hesab olunan "Neftçi" ilk "beşlik"dən də kənarda qalıb. "Ağ-qaralar"ın 3 ev oyunu cəmi 3850-in marağına səbəb olub (orta hesabla 1283 nəfər). Avrokubok oyunlarında mərkəzi arenanı dolduran "Qarabağ" çempionatda azarkeş azlığından əziyyət çəkir. Ağdam klubu 3 oyununda cəmi 2700 nəfərin marağına səbəb olub (orta hesabla 900 nəfər).
Premyer Liqanın lideri "İnter"in 3 ev oyununu 1800 nəfər izləyib. Ən pis nəticə isə "Bakı"ya məxsusdu. Paytaxtın eyniadlı təmsilçisinin 2 ev matçında cəmi 800 nəfər olub.
Klub | Oyun | Azarkeş | Orta hesabla |
1. Xəzər Lənkəran | 3 | 23000 | 7666 |
2. Araz Naxçıvan | 2 | 14600 | 7300 |
3. Qəbələ | 3 | 7300 | 2433 |
4. Simurq | 3 | 6500 | 2166 |
5. Sumqayıt | 3 | 4480 | 1493 |
6. Neftçi | 3 | 3850 | 1283 |
7. Qarabağ | 3 | 2700 | 900 |
8. İnter | 3 | 1800 | 600 |
9. AZAL | 2 | 1000 | 500 |
10. Bakı | 2 | 800 | 400 |
Ən çox azarkeş toplaşan 3 oyundan ikisi Lənkəranda keçirilib. "Xəzər Lənkəran"ın "Sumqayıt"la matçına 8500, "İnter"lə oyununa 8000 min nəfər toplaşıb. İlk "üçlüy"ü "Araz Naxçıvan" qapayır. Muxtar Respublika təmsilçisinin "Neftçi" ilə matçını 7500 nəfər izləyib.
Ən aşağı göstərici isə VI turun "Qarabağ" - "Simurq" oyununda qeydə alınıb - 200 nəfər. "İnter" - "Bakı" və "Bakı" - "Sumqayıt" oyunlarında isə 300 nəfər olub.
Ən çox azarkeş toplaşan oyunlar
II tur Xəzər Lənkəran - Sumqayıt: 8500 azarkeş
IV tur Xəzər Lənkəran - İnter: 8000 azarkeş
Araz Naxçıvan - Neftçi: 7500 azarkeş
Ən az azarkeş toplaşan oyunlar
VI tur: Qarabağ - Simurq 200 azarkeş
VI tur: İnter - Bakı 300 azarkeş
V tur: Bakı - Sumqayıt 300 azarkeş
Qeyd: I turun nəticəsi ləğv olunmuş "Sumqayıt" - "Qarabağ" oyunundakı azarkeş sayı da nəzərə alınıb.
Fanat.az