İngiltərənin paytaxtı London şəhərində UEFA-nın XXXVII Növbəti Konqresi keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov Konqresdə iştirak edib.
E.Məmmədov səfər çərçivəsində UEFA-nın baş katibi Gianni İnfantino və UEFA-nın Milli Assosiasiyalar üzrə direktoru Teodor Teodorislə görüşüb. AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən E. Məmmədov UEFA rəhbərliyinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı sərəncam imzaladığını və AFFA-ya hazırlıq işlərinə başlamaq səlahiyyəti verildiyi barədə məlumat verib. Qeyd olunub ki, bu sərəncamla Azərbaycan Prezidenti 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının Bakıda keçirilməsinə dövlət səviyyəsində dəstək veriləcəyini bildirib. UEFA rəsmilərinin diqqətinə çatdırılıb ki, AFFA yaxın gələcəkdə tələb olunan bütün sənədlərin hazırlığına başlayacaq. Dövlət başçısının sərəncamı hazırlıq prosesinə başlamaq imkanı verir və Azərbaycan bu məsələdə dövlət səviyyəsində dəstəklənən ilk ölkələrdən biridir.