Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Beşiktaş" transfer çalışmalarını davam etdirir. Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Madrid "Atletiko"suyla yeni müqavilə bağlamayan Fernando Torreslə danışıq aparan "qartallar" səviyyəli müdafiəçi transferinə də hazırlaşır.
İstanbul klubu Kiyev "Dinamo"sunun müdafiəçisi Domaqoy Vidanın keçidini həll etməyə çalışır. Ukraynalılarla 2018-ci ilədək müqaviləsi olan xorvata görə tələb edilən təzminat isə "Beşiktaş" rəhbərliyinin ürəyincə deyil. Türklər "Dinamo"nun arzuladığı 7 milyon avro məbləğin çox olduğunu düşünür. Tərəflər təzminat məsələsində ortaq məxrəcə gələ bilsə, Vida 4 illik müqaviləyə qol çəkəcək.
Xorvat futbolçu artıq instaqramdakı hesabında "Beşiktaş" azarkeşləri və bu klubda oynamaq istəyi haqda yazıb: "İstanbuldakı tribunaları unuda bilmirəm. Möhtəşəm idi! Dünyada çox az klubun bu sambalda tərəfdar ordusu var. Belə azarkeşlərin dəstəyi altında oynamaq istərdim".
Fanat.Az