Milli komandamızın İtaliya və Xorvatiya ilə oyunlar üçün heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Berti Foqts qarşıdakı iki oyuna 25 futbolçu çağırıb.
Alman çalışdırıcı kapitan, zədəsi olan Rəşad Sadıqova (Qarabağ), vitse-kapitan Mahir Şükürova (Karşıyaka), Vaqif Cavadova (Qaziantep BB) və Cihan Özkaraya (Sivasspor) dəvət göndərməyib. Əvəzində Maksim Medvedev və Məhəmməd Qurbanov qarşıdakı oyunlara dəvət alıb. Həmçinin Rusiya və Bolqarıstanla oyunlara çağırılmayan, adları ehtiyat oyunçular siyahısında olan 4 futbolçu - Abdulla Abatsiyev, Ağabala Ramazanov, Elnur Alalhverdiyev və Taşkın İltər bu dəfə yığmaya çağırılıb. Almaniyanın "Fortuna" klubunda forma geyinən Tuğrul Erat yenə Foqtsun etimadını qazana bilməyib.
25 futbolçudan üçü - Ufuk Budak, Taşkın İltər və Dmitri Nazarov təlim-məşq toplanışında oktyabrın 4-də qoşulacaq.
Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq. Bu qarşılaşmalarla əlaqədar, oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçiriləcək.
Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Emil Balayev (Neftçi).
Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı "Qarabağ"), Elvin Yunuszadə, Elnur Allahverdiyev (hər ikisi "Neftçi"), Rasim Ramaldanov (Xəzər Lənkəran), İlkin Qırtımov (Simurq), Ruslan Əmircanov (Qəbələ), Ufuk Budak (Qaziantep BB, Türkiyə).
Yarımmüdafiəçilər: Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi "Qəbələ"), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Qara Qarayev (Qarabağ), Araz Abdullayev (Neftçi), Abdulla Abatsiyev (İnter), Taşkın İltər (Ayntraxt Braunşveyq, Almaniya).
Hücumçular: Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi "Xəzər Lənkəran"), Məhəmməd Qurbanov (Sumqayıt), Vüqar Nadirov (Qarabağ), Rüfət Dadaşov (Saarbrükken, Almaniya), Dmitri Nazarov (Karlsrue, Almaniya).
Fanat.az