Daha bir futbolçumuz karyerasını Türkiyə klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin qapıçısı Andrey Popoviç “Tavşanlı Linyitspor”la anlaşıb.
Əslində Popoviç bir neçə gün əvvəl PTT 1-ci liqanın başqa bir klubuna – “Samsunspor”a baxışa yollanmışdı. Lakin onun bu kluba keçidi baş tutmayıb. Əvəzində qolkiper Türkiyədə özünə başqa klub tapıb. “Tavşanlı Linyitspor”la anlaşan Andrey 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Popoviç “Bakı”, “Abşeron” və “Sumqayıt”da çıxış edib. Son iş yeri “Turan” olan qolkiper 17, 19 və 21 yaşadək futbolçulardan ibarət yığma komandalarımızda çıxış edib və A millimizdə bir oyun keçirib. O, 2011-ci ilin 11 noyabrında Albaniyaya qarşı yoldaşlıq oyununda meydana çıxıb.
Qapıçının anlaşdığı “Tavşanlı Linyitspor” 1943-cü ildə yaradılıb. Klubun prezidenti Osman Turan, baş məşqçisi isə Erol Tokdu. Komanda son mövsümü 15-ci pillədə tamamlayıb.
Onu da qeyd edək ki, hazırda Arif İsayevlə Saşa Yunisoğlu “Dənizlispor”da, Branmir Subaşiç “Orduspor”da çıxış edir.
İdman24.az