Futzal üzrə millimizin və "Araz"ın baş məşqçisi Joze Alesio Da Silvanın yalanının üstü açılıb. Fanat.az xəbər verir ki, braziliyalı mütəxəssisin pənah apardığı Qazağıstan "Kayrat"ının hüquqşünasının müqaviləsi olan Alesionun problemini çözəcəyinə dair söz verməsi ağ yalan imiş.
Bu barədə məlumat verən "Kayrat"ın vitse-prezidenti Andrey Mişşenko son 5 ildə ölkəmizdə çalışan mütəxəssisə ümumiyyətlə müraciət etmədiklərini bildirib: "Joze Alesio özü bizə müraciət edərək, komandamızda 2-ci məşqçi işləmək istədiyini bildirib. Onunla hələ ki, heç bir müqavilə imzalanmayıb. Bizimlə söhbətində Azərbaycan tərəfi ilə problemləri özünün həll edəcəyini bildirib".
Mişşenko hazırda danışıqların davam etdiyini bildirsə də, Alesionun klubun inkişafına dair hazırlayacağı planın həlledici əhəmiyyət kəsb edəcəyini gizlətməyib: "Ona tapşırmışıq ki, strateji inkişaf planını bizə təqdim etsin. Həmin plan bizi qane etsə, müqavilənin detallarının müzakirəsinə başlayacağıq".
O ki qaldı Azərbaycan tərəfinin UEFA-ya şikayət edəcəyi təqdirdə "Kayrat"ın hüquqşünasının məsələni yola qoya biləcəyinə dair söz verməsi məsələsinə, Mişşenko bu fikirləri yaxına buraxmaq istəməyib: "Bu, Alesionun uydurmasıdı. Axı bizdə qalıb-qalmayacağı bəlli olmayan məşqçinin məsələsinə hüquqşünasların qoşulmasına heç bir ehtiyac yoxdu. Ancaq bütün hallarda düşünürəm ki, o, Azərbaycana qayıtmaq istəmir. Deyəsən orada ciddi problemləri olub. Zənnimcə, o, hesab edir ki, qayıtsa, bu problemlər daha da şiddətlənə bilər".
Göründüyü kimi "Alesio düyünü"ndə bütün "sular durulmayıb" və bu "xəmir hələ çox su aparacaq".
Fanat.az