“Mən həmişə “Neftçi”nin yanındayam. Sabah da veteranlarla birlikdə “Neftçi”ni dəstəkləyəcəyik. Bütün azarkeşlərə üzümü tutub deyirəm ki, “Neftçi”ni sevənlər sabah hamısı stadiona gəlsin ki, komandamıza dəstək olaq”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi Veteran”lar klubunun prezidenti Səməd Qurbanov deyib.
Veteran futbolçu sabiq komandasının sabah Çempionlar Liqasında “Skenderbeu” ilə oyununda uğurlu nəticə qazanacağına inandığını deyib və komandaya uğurlar arzulayıb: “Sabah bütün veteran futbolçular stadiondan oyunu izləyəcək. “Neftçi” rəhbərliyi sağolsun ki, veteranlara bilet verdilər. Sabah komandamızdan qələbə gözləyirik. “Neftçi” tarixi komandadır. Ona görə də, adını tarixə yazmalıdır. Məncə, “Neftçi” sabah 3:0 hesabı ilə qalib gələcək. Belə olarsa, növbəti mərəlyə rahatlıqla keçə bilərik”.
S.Qurbanov “Neftçi”nin azarkeş dəstəyindən razı qalmadığını bildirib: “Hazırkı azarkeşlər məni qane etmir. Azarkeş nə qədər çox gəlsə, “Neftçi” o qədər güclü oynayacaq. Ancaq məncə, sabah stadion dolacaq. “Neftçi”nin çıxışlarına baxanda ötən ilki uğuru təkrar edəcəyini, hətta daha irəli gedəcəyini deyə bilərəm. Böyükağa Hacıyev gözəl komanda formalaşdırıb”.
İdman24.az