PFL beynəlxalq əlaqələrini genişləndirməkdə qərarlıdı. Fanat.az xəbər verir ki, Ramin Musayevin prezidenti olduğu qurum Rusiya Futbol Premyer Liqası (RFPL) ilə əməkdaşlıq edəcək.
Bunu RFPL-in prezidenti Sergey Pryadkin açıqlamasından anlamaq çətin deyil. Belə ki, futbol funksioneri Qazaxıstan Peşəkar Futbol Liqası ilə əməkdaşlıq barədə sazişin imzalanmasından sonra gələcək planlar haqda danışıb: “Bu memorandum sonuncu deyil. Növbəti ölkələr Moldova, Belarus, Azərbaycan və Ermənistandı”.
Pryadkin bildirib ki, Qazaxıstan və Rusiya klublarının iştirakı ilə mini-turnirin keçirilməsi də planlaşdırılıb. UEFA təqviminin sıxlığı üzündən bu yarış toplanış dönəmində keçiriləcək. Onun istədiyi baş tutsa, ölkəmizlə də müqavilə imzalansa, gələcəkdə Azərbaycan klublarının da belə turnirlərdə oynaması gözlənilir.
Fanat.az