Osiyek faciəsi hələ uzun müddət azərbaycanlı futbolsevərləri pərişan edəcək. Matçdan öncə gördüyü işin nəticəsi göz önündə olan Berti Foqtsun komandasının “dama-damalar”a uduzacağına əmin olanlar belə, 0:6 hesabının qeydə alınacağını ağlından keçirmirdi. Fiaskonun səbəblərini yada salmaq vaxtıdı.
Yanlış taktika
Komandanı meydana 5-4-1 taktiki düzümü ilə çıxaran Foqts milli üzvlərini adət etmədiyi sxemlə oynamağa təhrik etmişdi. Əlbəttə, futbolu normal olan ölkələrdə oyunçular hələ kiçik yaşlarından taktika anlayışını mənimsəyir. Ancaq azərbaycanlılara Frankfurt toplanışında bir neçə dəfə məşq etdiyi düzümlə mübarizə aparmaq cəhənnəmdən od gətirmək qədət çətin idi. Meydanda kim nə edəcəyini bilmirdi. Rəqibin təzyiqi isə 15-ci dəqiqədən futbolçularımızın bildiyini də yaddan çıxarmasına yol açdı. 2008-ci ilin yazından yığmanın “sükanı arxası”nda olan alman bu müddətdə sərəncamındakıların potensialının nəyə imkan verdiyini müəyyənləşdirməyibsə, AFFA-dakılar sözügedən çalışdırıcıdan nə istəyir? Foqts birillik fəaliyyətdən sonra bizimkilərin az-çox 4-5-1 taktikasıyla nəsə etməyi bacaracağını anlamalıydı. Zəif komandaya 10 günlük çalışmaların ardından yeni sxem tətbiq etmək absurddu.
Uğursuz seçimlər
Taktiki uğursuzluq öz yerində, dünya və Avropa çempionunun oyunçu seçimində də yetərincə yanlışlıqlar var idi. Məsələn, rəqibin yerlə qurduğu hücumlar zamanı ən zəif cəhəti üzə çıxan Rasim Ramaldanova xorvatların hava ötürmələrini qarşılamaq tapşırığı verilməsi gülünc idi. Rasim mövqe səhvlərinə tez-tez yol verən futbolçudu. Üstəlik, millinin heyətində meydana çıxdığı oyunların 90 faizində ən pis nəyi bacardığını ortaya qoyub. Həm İtaliya, həm də Xorvatiya ilə oyunları kənardan izləyən Elvin Yunuszadə iki görüşdən birində şans qazanmalıydı. Ləng və kobud oyunçu statusunu çoxdan qazanan Elnur Allahverdiyevi meydan sahiblərinin ən güclü “qanad”ından qurulan həmlələri qarşılamaq tapşırığı ilə meydana buraxan adamın bu seçimi də gülünc adlandırılmalıdı. 7-ci “onluğundan xərcləyən” məşqçi rəqib komandanın kapitanının – Dario Srnanın necə oynadığını bilmir? Bəzilərinin ürəyindən “yaxşı, Elnurun yerinə kim oynamalıydı” sualı keçə bilər. İstənilən biri! Amma o cinahda, bu oyunda Allahverdiyevin “yem” olacağını millinin baş məşqçisi bilməyə borclu idi. Ufuk Budak, zəhmət çəkib Mahir Şükürovu milliyə çağırsaydı, Maksim Medvedev müdafiənin sağında daha yaxşı görünərdi. İtaliyada vurulan hər iki qolda səhv edən Kamran Ağayevi də Səlahət Ağayevlə dəyişmək yerinə düşərdi. 6-cı topu buraxandan sonra Tanrıya 7-cini buraxmamaq üçün dua edən Kamran psixoloji cəhətdən sarsılmışdı.
Gülünc müdaxilələr
Yarım saatın tamamında Qara Qarayevi Ağabala Ramazanovla əvəzləmək nəyə lazım idi? Almanın bu addımla hücumu gücləndirmək fikrinə düşdüyünü anladıq, onun planının baş tutmayacağını isə proqnozlaşdırmaq asan idi. Doğrudu, Qarayev bunadək bir neçə top itkisiylə yadda qalmışdı, çıxışı ürəkaçan olmamışdı. Amma mərkəzdə dağıdıcılardan birini ixtisara salmaq onsuz da bu zonada at oynadan rəqibin dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Bəli, Qara əvəzlənəndə Dmitri geri – onun mövqeyinə çəkildi. Araz isə digər cinaha keçib yarımmüdafiənin sağını Ağabalaya buraxdı. Həyəcandan bacardığı da yadından çıxan,11 dəqiqə sonra zədələnən “Xəzər Lənkəran”lı gəncin yeri idi “Qradski vrt”dakı oyun ? Hər şeyi bir kənara qoysaq, rəsmi debüt üçün nə dərəcədə münasib məqam idi? Əlqərəz, gənclə bağlı xəyallar suya düşüncə baş məşqçi Cavid Hüseynovu oyuna qoşdu və çox nahaq yerə. “Qəbələ”nin futbolçusu İatliyada aldığı şansı dəyərləndirməmişdi. Vüqar Nadirov ondan çox fayda verərdi. Yalnız Elnurun Tərlan Quliyevlə dəyişdirilməsi qismən uğurlu dəyişiklik statusuyla dəyərləndirilə bilər ki, 66-cı dəqiqədən sonra yığma top buraxmadı. Bunu sırf hesabla bağlamaq niyyətindən uzağıq. Qalan dəqiqələrdə “dama-damalar”ın belə desək, yanğısı sönmüşdü. Ancaq Tərlan meydana olduğu müddətdə pis mübarizə aparmadı.
Yorğunluq
Hər şey Foqtsun dediyi kimi deyil. Yəni futbolçuların fiziki durumunun bərbad səviyyədə olmasını dilə gətirməklə klub məşqçilərini günahkar çıxarmaq cəhdi uğursuz bəhanələr silsiləsindəndi. Hərçənd bizimkilərin fiziki cəhətdən meydan sahiblərinin futbolçularından geri qalmasının bir səbəbi də 3 gün əvvəl İtaliyada baş tutan çətin matçla əlaqələndirilməlidi. Yorğun komanda baş məşqçinin yanlış taktikasına uyğun olaraq topsuz qaçmaq, müdafiə olunmaq tapşırığı alırsa, fiziki problemlər daha qabarıq şəkildə nəzərə çarpır.
Erkən qol
Özündən güclü rəqiblə oynayırsansa, bəxtin yeyin olmalıdı. Millinin “Qradski vrt”da 11-cvi dəqiqədə qapısında qol görməsi çox pis başlanğıc idi. Dirək, tir Azərbaycanın köməyinə gəlsəydi, Niko Kovaçın yetirmələri qol vəziyyətlərini boşa versəydi, heç olmasa, 40 dəqiqə dözsəydik, qarşı tərəfin oyunundakı tələskənlik sözünü deyəcəkdi. Xorvatların erkən qol planı həyata keçməsəydi, yığmamız start həyəcanından qurtular və özünəinam sayəsində darmadağından qaçmaq şansını artırardı.
Penalti və avtoqol
55-ci dəqiqədə Elnurun səbəb olduğu penalti onsuz da nə etdiyini bilməyən komandanın 5-ci topu buraxmasını şərtləndirməsəydi, kapitan Rəşad Sadıqov qapıların yerini tərs salmasaydı, İspaniyadan yoldaşlıq görüşündə Bakıda alınan darmadağın təkrarlanmazdı. Hə, prinsipcə heç nə dəyişməyəcəkdi. Amma razılaşaq ki, 0:4-lə 0:6-nın yaratdığı qıcıq da fərqlidi. Bir var lazımınca kötəklənmək, bir də var diri-diri basdırılmaq...
Nihat, “Futbol+”