Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA Kubokunun elit mərhələsindəki daha iki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Naxçıvan təmsilçisinin rəqiblərinə aydınlıq gəlib.
“Araz”ın bilinən ilk rəqibi Çexiyanın “Xrudim” klubu idi. Elit mərhələnin oyunları məhz Xrudim şəhərində keçiriləcək. B qrupunda mübarizə aparacaq təmsilçimiz Rusiya çempionu “Dina” (Moskva) və Slovakiyanın “Slov-Matik” klubları ilə mübarizə aparacaq.
İngiltərə çempionu "Bakı Yunayted" isə D qrupuna düşüb. Azərbaycanlıların klubu "Barselona", "Beretyouyfolu" və "Lokomotiv"lə yarışacaq.
Elit mərhələnin oyunları noyabrın 18-dən 23-dək keçiriləcək. “Araz”ın yeni baş məşqçisi Faustino Peres cari avrokubok mövsümündə ilk ciddi sınağını məhz UEFA Kubokunun elit mərhələsində verəcək. Bu mərhələdə 4 qrup qalibi aprelin sonlarında keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaq.
A qrupu: Sportinq (Portuqaliya)*, İnter (İspaniya), Qrand Pro (Bolqarıstan), Şarlerua (Belçika).
B qrupu: Xrudim (Çexiya)*, Araz (Azərbaycan), Dina (Moskva, Rusiya), Slov-Matik (Slovakiya).
C qrupu: Kayrat (Qazaxıstan)*, Sportinq (Fransa), Nikars (Latviya), Ekonomats (Serbiya)
D qrupu: Barselona (İspaniya)*, Beretyouyfolu (Macarıstan), Baku Yunayted (İngiltərə), Lokomotiv (Xarkov, Ukrayna).
Qeyd: * işarəsi ilə göstərilən komandalar elit mərhələdə meydan sahibləridi.
Fanat.az