"Bizim üstünlüyümüz var. Ancaq rəqib Serbiya klubudur. Çətin olacaq. İlk oyundakı hesab aldadıcı ola bilər. Çalışacağıq ki, mərhələni keçək". Fanat.Az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Bakı klubu sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Mladost”u qəbul edəcək. İlk oyunda 3:0 hesablı qələbə qazanan "İnter"in baş məşqçisi bu gün mətbuat konfransı keçirib.
"Əlbəttə, 3:0 hesablı qələbə böyük üstünlükdü. Lakin uşaqlar da bilir ki, rahatlaşmaq olmaz, bu oyun bizim üçün çox vacibdi. Heç vaxt rahatlaşmaq olmaz. Cavab görüşündən də çox şey asılıdı" deyə gürcü mütəxəssis bildirib.
Svanadzenin "Skarlatake ilk oyunda cərimə zərbəsindən iki gözəl qol vurdu. Standart vəziyyətlərin üzərində xüsusi hazırlaşmışdınız" sualına cavabı belə olub: "Skarlatake həmişə məşqlərdən sonra bu cür zərbələr üzərində çalışır. Gördüyünüz kimi, insan öz üzərində çalışırsa, bu, öz bəhrəsini verir. Ancaq qeyd etmək istərdim ki, serbiyalılar da standart vəziyyətlərdən yaxşı istifadə edirlər. Onlar fiziki cəhətdən də hazırlıqlıdırlar".
Gürcü məşqçi klubla yeni müqavilə bağlayacağını bildirib: "Yeni müqavilə artıq hazırdı. Qalır sadəcə, onu imzalamaq. Bəzi oyunçularla da yeni müqavilələr hazırdı".
Fanat.Az