Yaxşı mübarizə bəs etmədi
“Neftçi”nin “Sumqayıt”la səfər matçından zəfərlə dönməsində qeyri-adi nəsə yoxdu. Bu öncədən proqnozlaşdırılan nəticə idi. Meydana hücumameyilli heyət çıxaran Arif Əsədovun bu dəfə Ruslan Qurbanova “11-lik”də ikinci hücumçu qismində güvənməsi qabardılmalıdı. Yalnız Nikolas Kanales fasilədə oyuna qoşulandan sonra Ruslan sol cinaha çəkildi. Ümumiyyətlə, Arif bəyin istifadə etdiyi ənənəvi 4-5-1-in işə yaradığını söyləməliyik. Lakin meydan sahiblərinin tez-tez “ağ-qaralar”ın qapısı qarşısında təhlükə yaratdığını da vurğulamalıyıq. Aqil Məmmədovun yetirmələri sözün əsl mənasında, adlı-sanlı rəqibinə qarşı inamla mübarizə apardı. Bir neçə qol vəziyyətini boşa verən “kimyaçılar” belə desək, şərəflə uduzdu. Hərçənd bakılılar oyunun sonlarında da hesabı qorumaq haqda düşünmürdü. Premyer-liqada qol hesabını açmayan Nikolas sona yaxın qaçırdığı fürsəti hələ çox xatırlayacaq. Əlbəttə, “gənclik şəhəri” təmsilçisinin gənc çalışdırıcısının ikinci hissədə Təvəkkül Məmmədovu döyüşə atmaqla komandasının oyununu gücləndirdiyini, baş məşqçi olaraq hər şeyi düzgün etdiyini də unutmayaq. Sadəcə, önəmli anlarda futbolçuların ustalıq səviyyəsinin ümidləri doğrultmaması daha artığına imkan vermədi.
Hesabı bir yana qoysaq...
Öz sxeminə sadiq qalan Qurban Qurbanovun müəyyən rotasiyaya əl atdığı dərhal diqqət çəkdi. Başlanğıcda ehtiyatda qalan Reynaldonun 56-cı dəqiqədə Leroy Corcu əvəzləməsi, Hacı Əhmədovun dayaq yarımmüdafiəçisi, Cavid Tağıyevin sol cinah vingeri mövqeyində 90 dəqiqə tər tökməsi faktdı. İnnosent Emeqaranın isə (67-ci dəqiqədə Riçard Almeyda yerini isveçrəliyə buraxdı) debütdəcə komandasına penalti qazandırması azarkeşlərin ürəyincə olmaya bilməz. Doğrudu, hesabı ardıcıl 3-cü çempionat matçında fərqlənən Vüqar Nadirovla açan “köhlən atlar” oyun planında adından söz etdirmədi. Qonaqların yeganə nominal hücumçusu Viktor Mendi meydanda at oynadırdı. Bu oyunda qolla yadda qalmasa belə. Şübhəsiz, Reynaldonun 89-cu dəqiqədə penaltidən vurduğu qolu söhbət mövzusuna çevirmək absurddu. Final fitinə yaxın ikinci dəfə oyuna mərkəzdən başlamaq məcburiyyətində qalan “Qəbələ” nuna qədər fərqlənməliydi ki, evə xalla dönsün. Dorinel Muntyanu durumu dəyişəcək əvəzləməylə yadda qalmadı, vəssalam.
Çixradzedən önəmli gediş
“Qaradaşlar”ın görüşündə qol olmadı. Taktiki savadıyla seçilən Tsxadadze yenə 3 mərkəz müdafiəçisindən istifadə edərək Daşdəmirovla Mirzəbəyovun cinahboyu hərəkət etməsinə şans yaratmışdı. 31-ci dəqiqədə stopper Aleksandr Amisulaşvili zədələnəndə də gürcü sxemə toxunmadı. Onun yerini İvan Benites tutdu. İki dayaq yarımmüdafiəçisindən biri – Meza Kolli həm də oyun qurucusu funksiyasını yerinə yetirir, Coşqun nadir hallarda meydanın mərkəzini keçirdi. Nizami və Mikel isə öndə mövqe tuttan oğul Tsxadadzeni topla təmin etməklə yanaşı, müdafiəçilərin arxasına atılan uzun hava ötürmələrinə vaxtında çıxmağa can atırdı. Amma bakılıların cinah hücumları arzulanan səviyyədə alınmadı. Dörd müdafiəçinin xidmətindən yararlanan Çixradze Rəşad Eyyubovla Samir Zərgərova rəqibin cinah oyunçularıyla fərdi oynamaq tapşırığı vermişdi. Doğrudan da məntiqli qərar idi. Məhz Çixradzenin bu addımı “İnter”in planlarını pozdu. “Ağ-göylər” mərkəzi keçən kimi, Zərgərovla Eyyubov “İnter”in vingerlərini nəzarətə götürürdü. Bəli, taktiki tapşırıqların öhdəsindən 100 faiz gələn futbolçu yəqin ki, yoxdu. Buraxılan xətalar qarşılıqlı qol imkanlarına yol açırdı. Hərəyə bir neçə fürsət qaçıran “qardaşlar”ın yekunda xalları böldü.
Məşqçi işinin qoxusu gəldi
Hesabda geri düşəndən sonra toparlanıb xal qazanan “Araz Naxçıvan” üçün bunu dönüş nöqtəsi adlandıranları qınamağa dəyməz. İlk turda “Neftçi”nin 2-ci heyətini öz meydanında məğlub edəndən sonra xala həsrət qalan Əsgər Abdullayevin yetirmələri əzmkarlıq göstərdi. Özü dəı komanda hesabda iki dəfə geri düşüb tarazlığı bərpa etməyə özündə güc və ruh tapırsa, deməli, müəyyən irəliləyiş var. 25-ci dəqiqədə Ramal Hüseynovun əvəzinə mücadilə fürsəti yaxalayan Canalidzenin fasilə ərəfəsində qol vurması, “nizənin sivri ucu”nda qərarlaşan Bəxtiyar Soltanovun qol və məhsuldar ötürməylə uğurda böyük pay sahibi olmasından məşqçi işinin qoxusu gəlir. Bu da var ki, AZAL üçün də səfər xalı qazanc sayılmalıdı.
Cəfərov belə davam etsə...
4:0 ! Hesab hər şeyi deyirsə, İbrahim Uzuncanın hansı futbolçunu harda sınadığını geniş şəkildə saf-çürük etmək yersi alınar. “Bakı”nın müdafiə xətti Lənkəran səfərində bərbad göründü.Hərçənd ilk yarım saatda sərgilənən futbola baxanlar darmadağın qeydə alınacağını düşünmürdü. Cari mövsüm ilk dəfə “Xəzər Lənkəran”ın start heyətində meydana çıxan Elnur Cəfərovun yaxşı oyununu isə mütləq dəyərləndirməliyik. Belə davam etsə, U-19-un üzvündən çox şey gözləmək olar. İkinci hissədən 2 forvardla oynamağa başlayan “zolaqlılar”ın “arxa cəbhə”dəki inamsızlığını zədəli Yure Travnerin yoxluğu ilə əlaqələndirmək də olar. Birinci hissədə Cahangir Havıyevi 1 dəfə narahat etməyə imkan tapan paytaxt təmsilçisi fasilədən sonrakı (ilk hissədə 3 qol “yemişdilər”) 20 dəqiqədə daha yaxşı göründü. Oyunun sonlarında isə qonaqlarda ruh düşkünlüyü, inamsızlıq və fiziki yorğunluq sezilirdi.
Nihat, "Futbol+" qəzeti