UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa)- “Xəzər Lənkəran” qarşılaşmasından öncə Con Toşakın mətbuat konfransı keçirilib.”Xəzər Lənkəran” klubunun baş məşqçisinin bu gün baş tutacaq oyun barədə fikirlərini təqdim edirik:
"Uzun karyeram ərzində ilk dəfədir ki, İsraildə oluram. Bu tarixi ölkədə olmaqdan məmnun olduğumu qeyd etmək istərdim. Rəqibimizin iki oyununun videoyazısını izləmişəm. Amma bu son yoxlama oyunlarıdır və ona görə də “Makkabi”nin əsl gücünü öyrənmək baxımından inanmıram ki, yetərli olsun. Bununla belə biz öz oyunumuzu daha çox düşünürük. Daha çox “Slima” ilə cavab oyununda göstərdiyimiz futbola yaxın bir oyun sərgiləmək istəyirik. Rəqib hörmət olunası bir klubdur. Sabah mənim təcrübəmlə hər hansı uğurun olacağını düşünmək lazım deyil. Çünki, futbolu meydanda futbolçular oynayır. Komandama inanıram və sərfəli nəticə ilə Azərbaycana dönməyi düşünürük. Biz son bir ay ərzində çoxlu səyahətlər etmişik. Sözsüz ki, bütün bu yorğunluqlar komandaya təsir edir. Üstəlik mövsüm başlamamış futbolçular istədiyin səviyyədə olmur. Bütün bunlara rəğmən dediyim kimi futbolçularıma inanıram və ona görə də burdayıq".
İdman24.az