Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup 2014” beynəlxalq turnirinə yekun vurulub. Fanat.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının U-15 komandası yarışın son günündə III yer uğrunda matça çıxıb.
Turnirin B qrupunda 2-ci yeri tutan Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb. Maraqlı mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabilə qalib gəliblər. Beləliklə, “qırmızı-qaralar” yekunda 4-cü pillə ilə kifayətləniblər.
Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyası qazanıb. Turnirin təşkilatçısı olan “Ateitis” klubu 2-ci olub.
Qeyd edək ki, qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita” (Belarus) üzərində eyni - 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. "Qırmızı-qaralar" qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb - 0:2.
Fanat.az