Topaz Premyer Liqasının IX turunda doğma arenada dünən "Araz Naxçıvan"ı böyükhesabla (4:0) məğlub edən "Simurq" ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, dünən səhər saatlarında yağış altında keçirilən məşqdə futbolçular iki qrupa bölünüb.
Son görüşdə əsas heyətdə forma geyinən futbolçular qaçış və isinmə hərəkətlərindən sonra məşqi fitness zalda davam etdirib. Qalanları isə qısa ötürmələr və qapıya zərbələrdən sonra ikitərəfli oyun keçirib.
Bu gün komanda Zaqatalada son hazırlıq işlərini görəcək. Ondan sonra "sarı-qaralar" Bakıya yola düşəcək. "Simurq" AZAL-la oyun öncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da edəcək.
Zaqatala klubu "təyyarəçilər"lə görüşə ciddi itkilərlə çıxacaq. Zədəli Adam Banas və Murad Səttarlı ilə yanaşı, Benjamin Lambotda bu matçda forma geyinə bilməyəcək. Belçikalı futbolçu "Araz Naxçıvan"la oyunda sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək etməyəcək.
Qeyd edək ki, "AZAL" - "Simurq" qarşılaşması oktyabrın 29-da keçiriləcək və saat 17.00-da start götürəcək.
Fanat.az