Ceyhun Əliyev
"Nooldu rəis, alınmadı?", - "Planet Parni iz Baku"nun priması Bəhram Bağırzadənin ifa etdiyi rolun ən duzlu yerini yəqin ki, unutmamısınız. Joze Alesio da Silvanın "Araz" və futzal üzrə milli komandamızla müqaviləsi ola-ola "Kayrat"a pənah aparmasına cavab olaraq AFF (Aərbaycan Futzal Federasiyası) kəskin reaksiya verdi. Braziliyalı mütəxəssisi UEFA ilə qorxudan "kiçik futbol"umuzun rəhbərliyi onu cəzalandırmağa nail olacaqlarını bildirirdi...
Lakin günlər ötür, Alesionun diskvalifikasiyasına dair rəsmi açıqlama gəlmirdi. Nəhayət, həm "Araz", həm də yığmamıza yeni baş məşqçi təyin olundu. İspaniyalı Tino Pereslə anlaşma de-fakto Alesio ilə qüvvədə olan müqavilənin üzərindən qalın bir xəttin çəkilməsi demək idi. Axı məsələ rəsmi həllini tapmayanadək, nə klub, nə də milliyə yeni baş məşqçi təyin oluna bilməzdi.
Doğrudu, yığmamızın baş məşqçisi postu rəsmən hələ vakantdı. Çünki Peresin de-yure bu vəzifəni icra etməsi üçün AFFA İcraiyyə Komitəsi (İK) təyinatı təsdiqləməlidi. Ancaq nəyimizə lazımdı de-yure, bir halda ki, de-fakto bilirik ki, kimin baş məqşi olacağının İK-da oturanlar üçün heç bir fərqi yoxdu? Deyəcəklər sağ əlini qaldır, vəssəlam! Lazım gəlsə (uzun illərdi gözümüzün kökünü saraldan zalım oğlu Lazım heç cür gəlib çıxmır bizim futbol məmləkətimizə) həm sağ, həm də sol əllərini qaldırmağa hazırdı bu "əlqaldıranlar".
Qərəz, mətləbdən uzaqlaşmayaq. Peresin təyinatının rəsmiləşəcəyinə sabahın açılacağı qədər əminəm. Deməli, UEFA-ya şikayət etmək məsələsi də batıb getdi. Axı "qızın" (oxu millinin) "iki adaxlısı" (oxu baş məşqçisi) ola bilməz. Deməli, "uje" Alesio bizimkilərə yalvarmalı deyil, AFF onun ayağına düşməlidi.
Bax belə, şahmatda 1 səhv gediş oyunun taleyini tam tərsinə çevirdiyi kimi, bizim federasiya başbilənlərinin də 1 yanlışlığı yekunda Alesionun qələbəsini təmin etdi.
Nə deyə bilərəm? Ancaq Bağırzadənin məşhur ifadəsini təkrar etmək qalır: "Nooldu rəis, alınmadı"?