“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi
- Klub rəhbərliyinin Albaniya “Skenderbeu”su ilə heç-heçəyə münasibəti necədi?
- İlk növbədə stadiona toplaşmış azarkeşlərə təşəkkürümüzü bildiririk. “Bakcell Arena” hələ belə bu qədər azarkeş görməmişdi. Onlara demək istəyirəm ki, şübhəniz olmasın: “Neftçi” Albaniyadan qələbə ilə qayıdacaq! Hamı görürdü ki, rəqib meydanda vaxt öldürməkçün nə oyunlardan çıxırdı. Bu, onların komandamızdan necə qorxmasını göstərir. Əgər “Neftçi” bu oyunda bircə qol vursaydı, inandırıram ki, darmadağınla qalib gələcəkdi.
- Klub rəhbərliyinin komandaya hansısa iradı var?
- Biz qələbə qazanmalıydıq, vəssalam! Hələlik komandaya heç bir iraddan söhbət gedə bilməz. Çünki qarşıda cavab oyunu var. Məni məyus edən yeganə məqam odu ki, stadiona toplaşmış bu qədər azarkeşə qələbə sevinci bəxş edə bilmədik.
- Cavab oyunu öncəsi narahatlıq yoxdu ki?
- “Neftçi”də heç bir narahatlıq yoxdu. Sizi əmin edirəm ki, əgər rəqib öz meydanında da müdafiə futbolu sərgiləsə, biz yenə də qalib gələcəyik. Bakıda 3:0 hesabıyla qalib gəlməliydik. Albaniyadakı oyunda bizi hətta qollu heç-heçə də qane edəcək. Amma biz məhz səfərdə qalib gəlib, mərhələ keçəcəyik.
- Melvin Platyenin çıxışı barədə nə deyə bilərsiz. O, Nikolas Kanalesi unutdura biləcək?
- Buna əminəm. Onun oyunu mənimlə yanaşı çoxlarının xoşuna gəldi. Platye elə ilk oyununda göstərdi ki, yüksək səviyyəli futbolçudu. Bu futbolçu hələlik öz imkanlarının 30-40 faizini göstərdi. Tam uyğunlaşmasına, istədiyi oyunu sərgiləməsinə müəyyən vaxt lazımdı.
- Niyə oyundan sonra futbolçuların jurnalistlərlə söhbətləşməsinə imkan verilmədi?
- Bunun klubumuzla heç bir əlaqəsi yoxdu. Hər şeyə UEFA rəsmiləri qərar veriblər.
- UEFA rəsmiləri futbolçuya jurnalistlə danışmağı qadağan edə bilər?
- O, bizdən futbolçuların media ilə ünsiyyət qurması üçün mikst-zona qurulmasını tələb etməmişdi.
- Axı onlar bunu tələb etməyə borclu deyillər...
- UEFA bizdən klub rəsmiləri və futbolçular üçün təhlükəsiz zona yaratmağı tələb etmişdi. Biz də onların bu tələbini yerinə yetirmişik.
- Eyni zamanda kiçik bir yerdə mikst-zona yaratmaq da olmazdımı?
- Oyundan sonra mətbuat konfransı keçirildi. Fikrimcə, jurnalistlər hər şeydən razı qaldılar.
- İnanın ki, onların heç də hamısı razı qalmadı. Çünki, könüllülər mətbuat nümayəndələri ilə çox kobud davaranırdılar...
- Bu oyunları UEFA təşkil edir. Burda baş verənlərə görə də məhz qitə futbol qurumu məsuliyyət daşıyır. Bizə sadəcə onların tapşırıqlarına əməl etmək qalır. Bilirsiz ki, biz özümüz həmişə jurnalistlər üçün hər cür şərait yaratmışıq. Bu oyunda da jurnalistlərə qarşı hansısa hörmətsizlik etmək üçün səbəbimiz olmayıb.
İdman24.az