Avstriyada təlim-məşq toplanışında olan "Simurq" bu gün hazırlıq proqramına uyğun olaraq iki məşqə çıxıb. İki saat yaxın davam edən səhər məşqi fiziki və taktiki təmrilərdən ibarət olub. İsinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında sarı-qaralar fiziki gücün artırılmasından ibarət çalışmaları yerinə yetirib. Daha sonra isə taktiki təmrilərə start verilib. Baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında standart vəziyyətlərin yerinə yetirilməsi, müxəlif ev tapşırıqları üzərində məşq edilib.
Axşam hazırlığı isə xüsusən taktiki təmrilərdən ibarət olub. Komanda məşqi topla hərəkət, qısa və uzun ötürmələri məşq etdikdən sonra iki qrupa bölünərək "kvadrat" oynayıb. Hazırlıq ikitərəfli oyunla tamamlanıb.
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.
"Simurq" Avstriya təlim-məşq toplanışı çərçivəsində sabah ikinci yoldaşlıq görüşünə çıxacaq. Komandanın bu dəfəki rəqibi Kiprin "APOEL" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
İdman24.az