Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Usim Nduka da karyerasını Türkiyənin PTT Birinci Liqasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Nigeriya əsilli futbolçu "Tavşanlı Linyitspor"la anlaşıb. Sabah klub rəsmiləriylə görüşəcək 28 yaşlı futbolçunun rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 2004-cü ildən AZAL-da çıxış edən bu klubda Nduka keçirdiyi 208 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. 10 dəfə millimizin formasını geyinən müdafiəçidən başqa “Tavşanlı Linyitspor” bir neçə gün əvvəl 21 yaşadək futbolçulardan ibarət yığmamızın qapıçısı Andrey Popoviçlə müqavilə bağlayıb.
Bundan əlavə, PTT 1-ci liqada Arif İsayev, Saşa Yunisoğlu (hər ikisi “Denizlispor”), Ramal Hüseynov (Bucaspor) və Branimir Subaşiç (Orduspor) top qovur. Super Liqada isə millimizin üzvülərindən Ufuk Budak (Eskişəhərspor) və Cihan Özkara (Sivasspor) forma geyinir.
İdman24.az