Fanat.az-ın iki həftə öncə startını verdiyi "Ötən həftə" rubrikası davam edir. Rubrikanın məqsədi başa çatan həftənin ən önəmli hadislərini oxucular üçün xatırlatmaqdı.
Klublar dövləti necə aldadır?
Ötən həftə AFFA-nın Lisenziyalaşdırma Qrupu klubların əməkhaqqı fırıldaqlarının üstünü açdı. Qrupun 2013/14 mövsümünə həsr olunmuş hesabatında Avropa və Azərbaycan klublarının xərcləri də müqayisə olunub. Qitə klublarının toplam məxarici 15,2 milyard avrodu. Avropa klublarının ümumi xərclərinin 52%-i futbolçuların əmək haqqılarına sərf olunur. Azərbaycanda isə bu rəqəm cəmi 12 % təşkil edir. İnzibati işçilərin əmək haqqına sərf olunmuş vəsaitin nisbəti Avropa və Azərbaycanda eynidr - 13 %. Əməliyyat işlərinə Avropada gəlirin 36%-i xərclənirsə, ölkəmizdə bu göstərici 12 %-di.
Diqqət çəkən məqam isə ondadı ki, Avropada klubların ümumi xərclərinin 7 %-i sair işlərə sərf olunduğu halda, Azərbaycanda bu rəqəm 63 %-di. Bunun da səbəbi var. UEFA-nın "maliyyə feyr-pley"inin tələblərinə əsasən, klubların əmək haqqı xərcləri ümumi xərclərin yarıdan çoxunu təşkil etməlidi. Avropada bu prinsipə əməl olunsa da, ölkəmizdə futbolçuların əmək haqları çox aşağı məbləğdə göstərilir. Bunun nəticəsində əmək haqqı göstəricisi Avropadan 4 dəfədən də aşağı olur. Əvəzində real əmək haqqı sair xərclər adı altında gizlədilir və yekunda Avropadan 9 dəfə çox - 63 %-ə çatır. Bunu əsasən vergidən asan şəkildə yayınmağa görə edirlər.
Naxçıvanda qovhaqov
Ardıcıl məğlubiyyətlər seriyası "Araz Naxçıvan"da həftənin əvvəlində vəziyyəti gərginləşdirdi. "Simurq"a 0:4 hesablı məğlubiyyətdən sonra təcili iclas keçirən klub rəhbərliyi Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkovu qovmaqla vəziyyəti düzəltməyə çalışdı. Bundan əvvəl Akif Tağıyev, Vüqar Əsgərov və Elhad Nəziri qovulmasını nəzərə alsaq, "Araz Naxçıvan"dan gedənlərin sayı 8-ə çatdı.
Lakin klub rəhbərliyinin bu siyasəti öz nəticəsini vermədi. Doğma meydanda "Qəbələ"yə 0:1 hesablı məğlubiyyət daha bir qurbanın verilməsinə səbəb oldu. Belə ki, klubun həm prezidenti, həm də icraçı direktoru olan Orxan Cabbarov bu yenilgidən sonra ikinci vəzifisini təhvil verməklə yenə gözdən pərdə asmağa çalışdı. Lakin yenə nəticə olmadı. Əksinə bu dəfə "Qarabağ"dan 0:4 hesablı məğlubiyyət alındı. Bunun nəticəsi isə bu gün özünü göstərdi. Belə ki, Naxçıvan klubu rəsmi saytı ilə məlumat yayaraq fəaliyyətini dayandırdığını açıqladı.
Həsrət bitdi: elit-raund
Həftə Azərbaycan futbolu üçün önəmli bir hadisə ilə də yadda qaldı. Belə ki, 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının elit-raunduna vəsiqə qazandı.
Belçikada keçirilən ilkin seçmə mərhələnin ilk oyununda Belçikaya uduzub (0:3), İsveçrəni udan (2:1) millimiz son matçda Bosniya və Hersoqovina ilə sülh bağladı (1:1). Hər iki komandanın göstəriciləri eyni olduğundan ikinci yerin sahibi penalti seriyasında müəyyənləşdi. Bu zaman bəxsizliklə üzləşən Mirbağır İsayevin yetirmələri uduzsa da, ən yaxşı göstəriciyə sahib üçüncü yerin sahiblərindən biri kimi elit-raunda vəsiqə əldə etdi.
Bununda da Azərbaycan yığması uzun fasilədən sonra yenidən elit mərhələdə mübarizə aparmaq imkanı qazandı.
Oyun alverinin üstü açıldı
Həftənin ən önəmli olaylarından biri “Turan”ın sabiq futbolçusu Valeri Onilenin etirafı oldu. Moldova mətbuatına müsahibə verən futbolçu 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında “Neftçi”yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf etdi: “Tovuzda oynadığımız zaman “Neftçi”nin sabiq çalışdırıcısı bizdə baş məşqçi idi. Təsəvvür edin, onun çempionluğa oynayan keçmiş komandası Tovuzda qonağımızdı. Bizə heç kim əvvəlcədən oyunu verməli olduğumuzu demədi. Amma start heyət şübhəli idi. Çünki, ilk dəqiqələrdən əvəzedicilərin futbolçularını, daim ehtiyatda qalanları meydana buraxdılar. İlk hissədən sonra hesab 2-0 bizim xeyrimizə idi. Soyunub-geyinmə otağında baş məşqçimiz dedi ki, ona kömək edək. O, bizdən “Neftçi”yə uduzmağı xahiş etdi. Belə də dedi: “Kömək edin, bu gün uduzmaq lazımdı. Amma mükafat da olmayacaq”. Nəticədə biz 2-3 hesabıyla uduzduq. Təcrübəli futbolçular meydana çıxmaqdan imtina etdilər. Onlar bu “şou” da iştirak etmək istəmədiklərini məşqçiylə mübahisə etməklə bildirdilər".
Valeri Onilenin etirafı əslində yenilik deyil. Azərbaycanda bu kimi hallar var və bundan sonra da olacaq. Nə qədər ki, federasiya və müvafiq qurumlar oyun alverinə, nəticələrin əvvəlcədən müəyyənləşdirilməsinə qarşı mübarizə aparmayacaq, o vaxta qədər də bunun qarşısı alınmayacaq. Əksinə, zaman keçdikcə ölkəmizdə oynamış daha çox futbolçu bu kimi etiraflar edəcək.
Millimizi xorvatlar xilas edəcək?
Yola saldığımız həftənin ən vacib xəbərlərindən biri millimizin gəcəcək baş məşqçisi ilə bağlı oldu. Belə ki, Xorvatiya mətbuatı Robert Prosineçkinin AFFA rəhbərliyi ilə anlaşdığını iddia etdi. Hətta məlumatda bildirilirdi ki, tərəflər oktyabrın 4-də müqavilə imzalayacaq və xorvat çalışdırıcı millimizi Norveçlə oyuna çıxaracaq. Həmçinin həmkarlarımız Prosineçki bir il ərzində ölkəmizdə 3 milyon avro qazanacağını da yazdı.
Lakin AFFA çox keçmədən xəbəri təkzib etdi. Federasiya rəsmilərinin Prosineçki ilə görüşdüyü təsdiqlənsə də, bu görüşün sadəcə tanışlıq xarakteri daşıdığı bildirilirdi. Çox keçmədən xorvat mütəxəssis özü də təxinən oxşar açıqlama ilə gündəmə gəldi.
AFFA Prosineçki ilə razılıq əldə etməsə də, ən azı onunla görüşüb. Demək ki, bu mütəxəssis millimizin baş məşqçi postuna namizəddi. Görünür AFFA indi də yığmamızın qapısına 6 qol vuran xorvatlara xilaskar gözü ilə baxır. Necədə olsa, adamlar qol vurmağı bacarır.
Yığmanın qapıçısı güllələndi
Ötən həftə dünya futbolunda da önəmli hadisələr baş verdi. Bunlardan biridə CAR millisinin qapıçısı Senzo Meyivanın naməlum şəxslər tərəfindən qətlə yetirilməsi oldu.
Yığmasının kapitanı olan 27 yaşlı futbolçu Yohanesburq yaxınlığındakı evlərin birində güllələnib. Həmin evin onun dostuna məxsus olduğu ehtimal edilir. Yerli polis cinayətin evi qarət etməyə cəhd edən 3 şəxs tərəfindən törədilməsi versiyasını irəli sürüb. Lakin atəş açılandan sonra onlar gizlənə biliblər. Cinayətkarları tapmaqda kömək edə biləcək məlumat üçün 14 min dollar mükafat vəd edilib.
Eyni həftədə CAR-dan daha bir idmançının ölüm xəbəri gəldi. Belə ki, qadın boksçu Findil Muelase 31 yaşında dünyasını dəyişdi. Oktyabrın 10-da rinqə çıxan bosçu rəqibi tərəfindən nakaut edilib. Xəstəxanaya aparılan Muelase 2 həftə komada qalıb. Daha sonra həkimlər onun həyatını xilas edə bilməyiblər.
"İnter"in qənimi öldü
Daha bir ölüm xəbəri isə İsveçdən gəldi. Belə ki, İsveç millisinin sabiq hücumçusu Klas İnqesson 46 yaşında dünyasını dəyişdi. İnqessonun ölüm səbəbi isə onun 5 ildi əziyyət çəkdiyi xərçəng xəstəliyi olub.
Onun rəhbərlik etdiyi “Elfsborq” bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşıb. Ölkəmizdə keçən oyunda “bankirlər” 1:0 hesabı ilə rəqibini məğlub etmişdilər. İsveçdə isə meydan sahibləri eyni hesabla qələbəyə sevindiyindən, qalibin adına penaltilər seriyasında aydınlıq gəlinib. 11 petrlik cərməz zərbəsini daha dəqiq yerinə yetirən “Elfsborq” (4:3) növbəti mərhələyə adlamışdı. “İnter”in uduzub, turnirlə vidalaşdığı görüşdə isə isveçlilərin “sükanı arxasın”da Klas İnqesson olmuşdu.
Fanat.az