"Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasından sonra Premyer Liqanın turnir cədvəlində ciddi dəyişikliklər olacaq. Fanat.az xəbər verir ki, Muxtar Respublika klubu çempionatın yarısında iştirak etmədiyindən bütün nəticələri ləğv ediləcək.
Bu isə ən çox "Neftçi"nin işinə yarayacaq. Paytaxt klubu ilk turda "Araz Naxçıvan"a uduzmuşdu - 0:3. Belədə, bir məğlubiyyəti silinəcək klubun buraxdığı topların sayı 5-ə düşəcək. Aktivində 20 xal olan "Neftçi" turnir cədvəlinin zirvəsinə yüksələcək. Çünki ilk dövrədə "Araz Naxçıvan"la oyunu təxirə salınan "Qarabağ" XII turda bu komandanı 4:0 hesabı ilə yenib. 3 xalı silinəcək Ağdam klubu 18 xalla ikinci pilləyə düşəcək.
Üçüncü pillədəki "İnter" mövqeyini əldən verməsə də, 3 xalını itirəcək. Ən çox ziyan çəkən "Qəbələ" olacaq. Çünki bölgə klubu hər iki oyunda "Araz Naxçıvan" üzərində 1:0 hesablı qələbə qazanıb. 6 xal itirən Dorinel Muntanyunun komandası bir pillə geriləycək.
"Xəzər Lənkəran" "Araz Naxçıvan"la bir oyun keçirib və 2:0 hesablı qələbə qazanıb. 3 xalı silinəcək Lənkəran klubu buna rəğmən, bir pillə irəliləyərək 4-cü yerə yüksələcək. Bunun səbəbi isə "Qəbələ"nin 6 xal itirməsidi.
Muxtar Respublika klubu üzərində 4:0 hesablı qələbə qazanan "Simurq" və bu komandanı 1:0 hesabı ilə üstələyən "Sumqayıt" 3 xalı əldən versə də, 6-7-ci pillədəki mövqelərini qoruyacaq.
AZAL "Araz Naxçıvan"la oyunda bir xalla kifayətlənmişdi. Bu xal itirilsə də, "təyyarəçilər" 8-ci pilləyə yüksələcək. Bunun səbəbi isə "Bakı"nın debütant üzərində qələbəyə görə əldə etdiyi 3 xalın silinməsidi.
"Araz Naxçıvan"ın yer aldığı turnir cədvəli
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 18:8 | 21 |
2 | Neftçi | 10 | 6 | 2 | 2 | 13:8 | 20 |
3 | İnter | 11 | 4 | 6 | 1 | 20:4 | 18 |
4 | Qəbələ | 11 | 5 | 3 | 3 | 12:12 | 18 |
5 | Xəzər Lənkəran | 11 | 5 | 2 | 4 | 15:11 | 17 |
6 | Simurq | 11 | 4 | 2 | 5 | 16:12 | 14 |
7 | Sumqayıt | 11 | 4 | 1 | 6 | 12:16 | 13 |
8 | Bakı | 11 | 3 | 2 | 6 | 9:23 | 11 |
9 | AZAL | 10 | 2 | 4 | 4 | 9:17 | 10 |
10 | Araz Naxçıvan | 10 | 1 | 1 | 8 | 7:20 | 4 |
"Araz Naxçıvan"ın olmadığı turnir cədvəli
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Neftçi | 9 | 6 | 2 | 1 | 13:5 | 20 |
2 | Qarabağ | 9 | 5 | 3 | 1 | 14:8 | 18 |
3 | İnter | 10 | 3 | 6 | 1 | 17:3 | 15 |
4 | Xəzər Lənkəran | 10 | 4 | 2 | 4 | 13:11 | 14 |
5 | Qəbələ | 9 | 3 | 3 | 3 | 10:12 | 12 |
6 | Simurq | 10 | 3 | 2 | 5 | 12:12 | 11 |
7 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 11:16 | 10 |
8 | AZAL | 9 | 2 | 3 | 4 | 7:15 | 9 |
9 | Bakı | 10 | 2 | 2 | 6 | 7:22 | 8 |
"Araz Naxçıvan"ın gedişi bombardirilər siyahısında da ciddi dəyişikliklərə səbəb olacaq. Belə ki, bu komanda ilə oyunda het-trik edərək bombardirlər yarışında liderliyi ələ alan Rəşad Eyyubovun aktivində cəmi 3 qol qalacaq. Əvəzində Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı) və Məhəmməd Qurbanov (Sumqayıt) bombardirlər yarışına davam edəcək.
Ümumilikdə "Araz Naxçıvan"ın qapısına yol tapmış 17 futbolçunun vurduğu 20 qol ləğv olunacaq:
Rəşad Eyyubov (Simurq) - 3. Renayldo Silva (Qarabağ) - 2. Baçana Tsxadadze, Coşqun Diniyev, Asif Məmmədov (üçü də "İnter"), Qalin İvanov, Ağabala Ramazanov (ikisi də "Xəzər Lənkəran), Tural Qürbətov, Nuran Qurbanov (ikisi də "Bakı"), Rəşad Abdullayev, Konseysao Eduardo (ikisi də AZAL), Cavid Hüseynov, Pavol Farkaş (hər ikisi "Qəbələ"), Muarem Muarem, İnnosent Emeqara (ikisi də "Qarabağ"), Kiyan Sultanpur (Sumqayıt), Marko Stanoyeviç (Simurq).
Fanat.az