"Neftçi"nin baş məşqçisi Arif Əsədovun Fanat.az-a müsahibəsi
- İlk turlarda “qol qısırlığı” yaşayan “Neftçi” son iki çempionat oyununda 7 top vurub. Bu hər şeyin qaydasına düşməsi anlamındadı?
- Mənim üçün əsas olan oyun intizamıdı. Müdafiədə müəyyən problemlər var idi. İlk növbədə arxa xətdəki çatışmazlıqları aradan qaldırmağa çalışdıq. Komandada mənə qədər də hücum potensialı böyük idi. Vaxt keçdikcə daha sabit oyun sərgiləyə bilərik.
- Yəni indiki “Neftçi”nin heyəti daha artığını ortaya qoymağa imkan verir?
- Əlbəttə. Qarşıda uzun fasilə var. Növbəti turun oyunlarınadək yaxşı hazırlaşmaq imkanımız olacaq. Yaxşı müdafiə olunmaqla yanaşı, hücumda rəngarəngliyi artırsaq, istədiyimiz futbolu sərgiləyərik.
- AZAL-ı 4 cavabsız qolla yendiyiniz matçda Elnur Allahverdiyevin adını “18-liy”ə salmamışdız. Onun mövqeyində - müdafiənin solunda oynatdığınız Denis Silva isə ən yaxşı oyunlarından birini keçirdi. Bu Allahverdiyevin əsas heyətdəki yerini itirməsi deməkdi?
- Ümumi fiziki yorğunluğun nəzərə çarpmaması, komandanın oyununa təsir etməməsi üçün futbolçulara növbəylə istirahət veririk. Məsələn, “Bakı”yla matçda Elvin Yunuszadəni oynatmadıq. AZAL-la matçda Elnurun oynamamasının səbəbi də bu idi. Növbəti qarşılaşmada da hansısa əsas heyət oyunçusu kənarda qala bilər.
- Sizcə, “Neftçi”yə yeni transfer lazımdı?
- Hələ bu haqda düşünmürük. Legioner limitinə görə hansısa yerli oyunçunu heyətə qatmaq olar. Bu isə gələcəyin işidi. Yəni transfer etmək istəsək, legioner gətirməyəcəyik. Doğrudu, yerli oyunçularımız da var. Amma mümkün zədə, cəza hallarında ən çox azərbaycanlı oyunçuya ehtiyac hiss edəcəyik.
- “Araz Naxçıvan”ın çempionatdan çıxması “Neftçi”nin də işinə yarayacaq. Muxtar Respublika komandası ölkə birinciliyinin oyunlarının yarısında iştirak etmədiyindən bu kollektivlə keçirilən görüşlərin nəticələri silinəcək.
- “Araz Naxçıvan”ın çıxışını dayandırması üzücü haldı. Məncə, sonadək mübarizə aparsalar, daha yaxşı olardı. Düzdü, onlar “Neftçi”dən birinci turda 3 xal alıblar. Amma mən belə olmasını istəməzdim.
Fanat.az