Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb.
Fanat.Az xəbər verir ki, hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən "Xəqani” Ticarət Mərkəzində baş verib.
Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar.
Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb. Digər oğurluq hadisəsi isə ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Parfume Store" adlı parfümeriya mağazasında baş verib. Məlumata görə, ərəb turistlər mağazadan biri 180 manat dəyərində olan 2 ətir oğurlayıblar.
Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə müraciət edilib. Araşdırma aparılır. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün əməkdaşımız 39-cu Polis Bölməsi ilə əlaqə saxlayıb. Növbətçi hissədən bildiriblər ki, bununla bağlı açıqlama vermək səlahiyyətləri yoxdu. "Xəqani” Ticarət Mərkəzindən isə faktı nə təkzib, nə də təsdiq ediblər.
Fanat.Az