Bu gün Norveçi qəbul edəcək millinin hansı taktikayla və “11-lik”lə mübarizə aparacağı məlumdu. Fanat.az xəbər verir ki, Mahmud Qurbanov və köməkçiləri 4-5-1 (4-2-3-1) taktiki sxemindən faydalanacaq.
Kamran Ağayevi ehtiyatda saxlayan Mahmud bəy qapının toxunulmazlığını Səlahət Ağayevə tapşırmağı uyğun sayıb. Maksim Medvedevlə Mahir Şükürov müdafiənin cinahlarında qərarlaşacaqsa, mərkəz müdafiəçiləri Rəşad Sadıqovla Elvin Yunuszadə olacaq.
Gördüyünüz kimi, Qurbanovla yardımçıları Bədavi Hüseynovun start heyətində olmasını lazım bilməyib.
İki dayaq yarımmüdafiəçisindən biri Rahid Əmirquliyev, digəri Ruslan Abışovdu. Bu isə o deməkdi ki, “Qarabağ”ın daha bir oyunçusu Qara Qarayev də ən azı oyunun başlanğıcını ehtiyat oyunçular skamyasından izləyəcək.
Yarımmüdafiənin sağ cinahında Vaqif Cavadov, solunda Araz Abdullayev tər tökəcəksə, nominal forvarda – Rauf Əliyevə bir qədər geridən Cavid İmamverdiyev dəstək verəcək.
Fanat.az