Rusiya çempionu "Dina"nın baş məşqçisi Andrey Yudin futzal üzrə UEFA Kubokunun Elit raundunda "Araz" üzərində 5:4 hesablı qələbədən danışıb. Fanat.az xəbər verir ki, əvvəllər "Turan AİR"də oynayan məşqçi kimi fəaliyyət göstərmiş mütəxəssis Azərbaycan çempionunun oyununa yüksək qiymət verib.
Yudin ilk yarıda istəklərinə çatdıqlarını bildirməklə yanaşı, həyəcan dolu dəqiqələrlə üzləşdiklərini də dilə gətirib: "İlk turda meydan sahibləri "Xrudim"lə qarşılaşmada xeyli güc sərf etmişdik. Bugünkü oyun "Dördlər finalı"na yüksəlmək baxımından böyük əhəmiyyət kəsb edirdi. Dünən "Araz" tam gücünü ortaya qoymadı. Əsas vəzifələrimizdən biri ilk yarıda uğurlu çıxış etmək idi. Hesabda irəli keçmək istəyirdik və buna nail olduq. Birinci hissədən razı qaldım. Fasilədən sonra rəqib qapıçını dəyişərək, irəli atıldı. Bunu gözləsək də, "Araz" hesabı bərabərlişdirə bildi. Açığı, Çexiya təmsilçisi bizə o qədər də başağrısı gətirməmişdi. "Araz" topla yaxşı davranırdı, müxtəlif kombinasiyalar keçirirdi. Oyunu xilas edə bilərdi. Matçın sonlarından razı qala bilmərəm. Futbolçularımız yorğun görünürdülər, bəzi qol epizodlarını qaçırdılar. Ancaq nəticə məni qane edir".
Fanat.az