Topaz Premyer Liqasının III turu “Neftçi”nin futbolçusu Ruslan Abışov və "Qarabağ"ın futbolçusu Əfran İsmayılov üçün üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatında 200-cü matçını keçirib. Bu yubiley “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. 0:0 hesabı ilə nəticələnən görüşədək Abışov 199 görüşdə iştirak etmişdi.
Ölkə çempionatında 2006/07 mövsümündə “Neftçi”nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb. Daha çox – 126 dəfə “Neftçi”nin şərəfini qoruyan Abışov “Qəbələ”də 44, “Xəzər Lənkəran”da 17, “İnter”də 13 dəfə meydana çıxıb.
Əfran İsmayılov da Azərbaycan çempionatında 200-cü oyununu keçirib. Yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının III turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan Əfran bunadək 199 qarşılaşmada forma geyinmişdi.
Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.
Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.(pfl.az)
Fanat.Az