AFFA Azərbaycan millisinin oyunlarına satdığı biletlərdə ciddi nöqsana yol verir. Həmin biletlərdə qanunsuzluq var.
Futbolpress.az-ın məlumatına görə, AFFA ciddi hesabat blankı sayılan biletləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli əmri ilə çap edir. Bu isə artıq qüvvədən düşüb və 2016-cı il aprelin 4-də nazirliyin yeni qərarı qüvvəyə minib. Hazırda bütün biletlər məhz həmin qərara uyğun çap olunmalıdı. AFFA-nın qüvvədən düşmüş əmri əsas götürməsi isə qanunsuzluqdu.
Burda formanın dəyişdirilib-dəyişdirilməməsindən söhbət getmir. Əgər biletin çap forması ötən il qəbul edilən qərarda 2005-ci il əmrində olduğu kimi saxlanılıbsa belə, üzərində yeni qərarın adı qeyd olunmalıdı, qüvvədən düşmüş qərarın yox.
Sayt kiçik araşdırma aparıb və məlum olub ki, həm klubların oyunları, həm də bu il Bakıda təşkil edilən İslam Oyunlarının biletlərinin üzərində hazırda qüvvədə olan qərar əks etdirilib. AFFA isə hətta millinin DÇ-2018-in seçmə mərhələsində San-Marinoya qarşı oyunu üçün satdığı biletlərin üzərində də qüvvədən düşmüş əmri qeyd edib.
Biletlərin yeni qərara uyğun çap edilməməsinin qanunsuzluq olduğunu Maliyyə Nazirliyi də təsdiqləyib. Bildirilib ki, birbaşa qanun pozuntusudu və cərimə tətbiq edilir. Cərimələri Vergilər Nazirliyi tənzimləyir. Vergilər Nazirliyindən verilən məlumata görə, həqiqətən də buna görə cərimə nəzərdə tutulur. Məbləğ açıqlanmasa da, hər dəfə cərimənin miqdarının artdığını söyləyiblər.
AFFA isə artıq neçənci dəfədi ki, ya məlumatsızlıqdan, ya da bilərəkdən eyni qanunsuzluğa yol verir.
Sübut olan fotoları təqdim edirik.
Fanat.Az