"Rəvan” 2013/14 mövsümünə hazırlıqlarını davam etdirir. Sloveniyanın Maribor şəhərində çalışmalarına ara verməyən komanda axşam məşqi ilə Avropanın bu ölkəsindəki hazırlığını başa vurdu. Baş məşqçi Ramil Əliyev yol üstdə olan futbolçuları çox da yormadı. Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini müxtəlif tipli toplu çalışmalarla yükləyən gənc mütəxəssis hazırlığın sonunda futbolçuları başına toplayıb səmimi söhbət etdi.
Qeyd edək ki, sabah sübh tezdən Maribordan ayrılacaq kollektiv Vyana – Bakı təyyarə reysi ilə vətənə dönəcək. Axşamüstü Bakıda olacaq "Rəvan”da futbolçular baş məşqçinin qərarı ilə 2 gün dincələcək. Çalışmalara yeni həftənin əvvəlindən start veriləcək.
İdman24.az