AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək. Fanat.Az xəbər verir ki, yenilik Bakı Olimpiya Stadionunda keçiriləcək iki görüşlə bağlı olacaq.
Belə ki, bu layihə sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də DÇ-2018 seçmə mərhələsinin Azərbaycan – Çexiya oyunları ilə bağlıdı.
AFFA və “Qarabağ” klubun Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq etməyə qərar veriblər. Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Qeyd edək ki, hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.
Mənbə: affa.az