"Neftçi"yə yeni təyin olunan Tərlan Əhmədovun ilk işi komanda daxilindəki ab-havanı, psixoloji durumu, özünəinamı qaytarmaqdı. Buna yəqin ki, ən azı iki-üç tur sərf edəcək. Tərlan bəyin gələcək dəyişiklərindən də biri kapitan sarğısı ilə bağlıdı. Dünənki mətbuat konfransında buna sətiraltı eyham da vurub.
Jurnalistlərin Rəşad Sadiqovla bağlı verdiyi "Karyerasını bitirməyə hazırlaşan futbolçu “Neftçi” üçün xilaskar olacaq" sualının cavabında eyhamı açıq-aşkar görmək olur.
Cavab: "Rəşad “Zirə” ilə Avropa Liqasının təsnifat mərhələsində çıxış edib. Ondan sonra fərdi məşq edib. Əgər maydan sonra uzun müddət oynamasaydı, sizinlə razı olardım. “Qarabağ”a baxın. Rəşad Sadıqov zədəli olanda belə meydana çıxır. Çünki onun meydanda olması komandasına böyük üstünlük verir. Eyni sözlər Sadiqova da aiddi".
Rəşadı meydanda lider kimi görən Əhmədov, yəqin ki, Ruslan Abışovun vəzifəsini bir pillə endirəcək. Gələcək turlarda çox güman ki, Sadiqovu kapitan, Ruslanı isə vitse-kapitan kimi görəcəyik.
Fanat.Az