Dmitri Bezotosnı Kamran Ağayevdən istedadlı qapıçıdı? Yox. Ondan daha gəncdi? Təbii ki, yox. Bəs niyə legioner olduğu halda, məlum limit fonunda “Qəbələ”nin start “11-liy”ində yer alır? Həmyerlisi Roman Qriqorçuk baş məşqçi olduğuna görə! Başqa izah verməyə çalışmayın. Ukraynalı Azərbaycana yalnız yaxşı pul qazanmağa gəlib. Odessa “Çernomorets”ində maddi problemlər olmasaydı, bu şəhərdə az qala milli qəhraman kimi tanınan adam yurd-yuvasından ayrılmazdı.
Hə, Kamran axır vaxtlar özünə bənzəmir, tez-tez adına yaraşmayan qollar buraxırdı... Yaşı 30-u haqlamamış qapıçının birdən-birə bu səviyyədə eniş yaşamasının, irəli addımlamaq əvəzinə geriləməsinin səbəbləri isə müxtəlifdi. Ancaq “Qəbələ”nin xərclənən paralar qarşılığında sərgilədiyi qeyri-sabit futbolun günahını “şişmiş” qolkiperin boynuna atmaq da məntiqsizlik sayılar.
Kamran anladı ki, həmyerlisi Bezotosnıya əsas heyətdə yer vəd edərək gətirib və məşqlərdə canfəşanlıq etmək belə, sağlam rəqabəti şərtləndirməyəcək. Bəziləri PTT 1-ci liqasının lideri “Kayserispor”a üz tutan əlcək sahibini rəqabətdən qorxub qaçmaqda suçlayır. Əslində ortaya qoyulan bu məntiqdə həqiqət payı az deyil. Bir halda ki, Ağayev ehtiyatda qalmaqdan ehtiyatlanaraq “qırmızı-qaralar”la yolları ayırıb, deməli, qaçıb. Qaçıb ki, zərbə almış imicinin yaralarını sağaltsın. Kaş Ağayevin düşdüyü duruma rauflar, əfranlar, arazlar da düşəydi. Qaçanda nə olar ki? Yeri gələndə qaçmaq da igidlikdəndi. Əsas odu ki, qaçıb kola girməyəsən!
Fanat.az