Aşağı yaş qruplarından ibarət komandalar arasında Azərbaycan çempionatında “Qəbələ”nin hegemonluğu adi hala çevrilib. Yeniyetmə futbolçular müvafiq yaş qruplarında çempionluğa layiq görülür, ən pis halda gümüş və bürünc medallar qazanırlar. Bu baxımdan cari mövsümdə də “Qəbələ”nin işləri qaydasında gedir. Klububun U-17, U-15, U-13, U-12 və U-11 komandaları qış fasiləsinə vahid lider qismində, U-16 və U-14 isə ikinci pillədə yollanıb.
Uğurlu çıxış həm də çoxlu qol anlamına gəlir. Yəni parlaq qələbələr sayəsində “Qəbələ”də, obrazlı desək, “bombardirlər ordusu” yetişir. Müxtəlif çempionatlarda ən çox qol vuran futbolçuların siyahısında “qırmızı-qaralar”
xüsusi fərqlənir. "Qəbələ İK" qəzeti həmin bombardirlərdən söz açılan məqalə hazırlayıb.
İlk olaraq 14 yaşlılar arasında keçirilən çempionata yer verilib. Yarışın paytaxt zonasında mübarizə aparan “Qəbələ” yalnız “İnter”dən geri qalaraq, 2-ci sırada qərarlaşır. Zona üzrə ən məhsuldar futbolçu komandanın üzvü Samir
Qurbanovdu. “Qəbələ”nin 12 oyunda vurduğu 56 qoldan 15-nə məhz Samir imza atıb.
İki il öncə Gəncədən Qəbələyə gələn hücumçu daha çox qol vurmaq bacarığına malik olduğunu deyir: “Əvvəllər əyalətdə çıxış etdiyimizə görə daha çox qol vururdum. İndi isə paytaxt zonasında mübarizə aparırıq. Bakı klublarına isə qol vurmaq çətindi".
Xatırladaq ki, Samir bundan öncəki mövsümlərdə də məhsuldarlığı ilə seçilib. O, 2012/13 mövsümündə 26, 2013/14 mövsümündə isə 23 dəfə rəqib qapılarına yol tapıb: “Belə çox fərqlənməyim həm qol hissiyatımın güclü olmasından, həm də komanda yoldaşlarımın məhsuldar ötürmələrindən asılıdı. Bu il mümkün qədər çox qol vurmağa çalışacağam. Ancaq istənilən halda, mənim üçün fərdi yox, kollektiv uğur önəm daşıyır”.
Fanat.az